Şakir Ağayev: "Qlobal şəhər gündəliyinin gələcək konturları məhz Bakıda formalaşır" – ÖZƏL
16:05 Siyasət"Azərbaycan Prezidentinin köməkçisi, xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev qeyd edib ki, qlobal şəhər gündəliyinin gələcək konturları Bakıda formalaşır. Bu, təsadüfən deyilmiş bir fikir deyil. Bakıda keçirilən Dünya Şəhərsalma Forumu həm keçirilmə miqyasına, həm təşkilatçılığına, həm də əhatə dairəsinə görə demək olar ki, ən böyük və ən nüfuzlu tədbirlərdən biridir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində ilk dəfə olaraq dövlət başçıları və liderlərin sammiti keçirilir. Bu, forum tarixində ilk hadisədir və bu gün Azərbaycan Prezidenti də forumda iştirak edib. Təbii ki, Azərbaycanın şəhərsalma mədəniyyəti, tarixlə müasirliyin vəhdəti, yeni şəhərsalma layihələrinin inkişafı, innovativ metodlardan istifadə, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə çox sürətlə həyata keçirilən müasir şəhərsalma prinsipləri Azərbaycanın böyük təcrübəsini ortaya qoyur. Şübhəsiz ki, digər dövlətlər də bu sessiya çərçivəsində Azərbaycanın təcrübəsi ilə tanış olaraq onu öz ölkələrində tətbiq edə bilərlər. Forumun Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun ən mühüm göstəricilərindən biridir. İlk dəfə olaraq bir neçə ölkənin liderləri və hökumət başçıları Azərbaycana gələrək forumda iştirak ediblər. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
Bakı qlobal şəhər platformasına çevrilə bilərmi?
Bakı qlobal şəhər platformasına çevrilə bilər. İlk dəfə olaraq bu tədbirlə bağlı xüsusi müşavirə də məhz Bakıda təsis olunub. Bu isə regionun inkişafı, region ölkələrinin bir-biri ilə əlaqələrinin genişlənməsi və əməkdaşlıq imkanlarının artması baxımından çox önəmlidir. Bilirsiniz ki, Azərbaycanda beynəlxalq tədbirlər hər zaman yüksək səviyyədə təşkil olunur. Azərbaycanda keçirilən tədbirlərin təcrübəsi sonradan başqa ölkələrdə də tətbiq edilir və Azərbaycan bu sahədə öz töhfələrini verir. Dünən də qeyd olundu ki, növbəti forum Mexikoda keçiriləcək və Azərbaycan öz təcrübəsini həmin tədbirdə də bölüşəcək. COVID-19 dövründə də bu cür təcrübə mübadiləsi olmuşdu. Hazırda Türkiyədə keçirilən tədbirlərdə də Azərbaycan təcrübəsindən istifadə olunur. İnanırıq ki, gələcək tədbirlərdə də Azərbaycanın nümunəsi və təcrübəsi əsas model kimi götürüləcək. Forumda 40 mindən çox insanın iştirakı, həmçinin dövlət və hökumət başçılarının qatılması Azərbaycanın beynəlxalq nüfuzunun yüksək səviyyədə olduğunun açıq göstəricisidir.
Səidə Ramazanova