Gürcüstanın yeni patriarxı ölkədə dini və millətlər arasi nifaq yaradır- ÖZƏL

"Gürcüstanın yeni patriarxı Üçüncü Şio öz fəaliyyətinə dini və etnik ayrı-seçkilik xarakterli açıqlamalarla başlayıb. Patriarx Gürcüstanda yaşayan digər millətlərin sayının artması və islamın inkişafı ilə bağlı narahatlığını ifadə edib. Bu açıqlama ölkədə yaşayan müxtəlif xalqlar arasında haqlı narazılıq yaradıb. Halbuki patriarx cəmiyyətin birliyinə və milli harmoniyanın möhkəmlənməsinə xidmət edən mesajlar verməli idi. Əksinə, onun çıxışları millətlərarası münasibətlərdə gərginlik yaradan amilə çevrilir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini Məhəmməd Əsədullazadə deyib: 

"Gürcüstanda azərbaycanlılar ölkənin ən böyük millətidir. Bu baxımdan, üçüncü Şionun açıqlamalarının dolayısı ilə azərbaycanlılara və islam dininə qarşıdır. Mövcud yanaşma Gürcüstan cəmiyyətində parçalanma riskini artırır. Gürcü Arzusu hökumətinin son dövrlərdə digər millətlərə münasibətdə sərgilədiyi siyasət də belə açıqlamaların ortaya çıxmasına zəmin yaradır.
Avropa İttifaqının Gürcüstan hakimiyyətinə qarşı tətbiq etdiyi sanksiyalar müəyyən mənada rəsmi Tbilisinin siyasətinə beynəlxalq reaksiyanın göstəricisidir. Çünki Gürcüstan hakimiyyətinin apardığı siyasətin regionda təhlükəsizlik və sabitlik üçün risklər yaradır. Patriarxın ölkədə yaşayan digər millətləri hədəfə alan çıxışları da bu narahatlıqları daha da gücləndirir.
Moskvanın Gürcüstanda xalqlar arasında qarşıdurma və qeyri-sabitlikdən faydalanmağa çalışır. Gürcüstanın de-fakto lideri Bidzina İvanişvili Gürcüstanı Rusiyanın narrativləri ilə idarə edir. Hakimiyyət ölkəni 1990-cı illərin siyasi atmosferinə qaytarır və bu siyasət Gürcüstan dövlətinin milli maraqlarına deyil, xarici təsirlərin güclənməsinə xidmət edir. Nəticədə isə regionda gərginlik və etimadsızlıq daha da artır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31