TDT-nin beynəlxalq münasibətlər sistemində rolu gündən-günə artır- ÖZƏL

"Prezident İlham Əliyevin Qazaxıstana səfəri iki mühüm siyasi aspektdən xüsusi dəyərləndirilə bilər. Səfər Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün potensial imkanların möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Bu, qardaş ölkələr arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Azərbaycan və Qazaxıstan dörd il əvvəl imzalanmış strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə və 2025-ci ildə 20 illiyi qeyd olunan Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə əməkdaşlığın hərtərəfli inkişafının etibarlı təməlini qoyub. Dövlət başçılarının müntəzəm xarakter alan görüşləri, səfərləri, eləcə də hökumət nümayəndə heyətlərinin qarşılıqlı təmasları əlaqələrin inkişafında yeni imkanlar açıb.

Prezident İlham Əliyevin səfərinin ikincisi vacib məqamı Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı və TDT-nin strateji çərçivəsini müəyyən edən çıxışı idi. Bu mötəbər görüşün qədim və zəngin tarixi-mədəni irsə malik Türküstan şəhərində keçirilməsi isə dünyada dərinləşən müasir geosiyasi böhranlar fonunda rəmzi məna daşıyır. Bu məsələyə diqqət çəkən Prezidentimizin xatırlatdığı kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olub və bu qədim şəhər Türk dövlətlərinin birliyinin simvolu kimi xüsusi əhəmiyyətə malikdir.

Qlobal geosiyasi fraqmentasiyalar və logistika-təchizat şaxələrinin dəyişməsi, yeni iqtisadi və nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması fonunda regional təşkilat kimi mövqeyini möhkəmləndirən TDT-nin beynəlxalq münasibətlər sistemində rolu və çəkisi gündən-günə artır. Təşkilatın qeyri-rəsmi Zirvə görüşləri formatının ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilməsi isə Təşkilat daxilində yeni siyasi arxitekturanın və fəal dialoq mühitinin formalaşması baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər. 2024-cü ildən artıq ənənə halını almış qeyri-rəsmi Zirvə görüşləri ölkələrimiz arasında siyasi həmrəyliyi möhkəmləndirməklə bərabər, strateji koordinasiyanın daha sıx və vahid çətir altında aparılmasına güclü təkan verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31