Gürcüstan DİN-də nifrət nitqi ilə mübarizə üçün xüsusi idarə yaradılır – ÖZƏL
12:04 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın Hüquq-mühafizə strukturlarının koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze hökumət administrasiyasında keçirdiyi brifinqdə ölkənin Daxili İşlər Nazirliyində xüsusi idarənin yaradılacağını elan edib. Yeni qurumun əsas funksiyası ictimai məkanda nifrət nitqini, təhqiramiz kampaniyaları, aqressiv kommunikasiyaları sistemli şəkildə monitorinq etmək və onlara müvafiq hüquqi reaksiya vermək olacaq.
Mdinaradze qeyd edib ki, dövlətin vəzifəsi fərqli fikirlərin qorunduğu, lakin nifrət, düşmənçilik və təhqirlərin qəbul edilmədiyi bir mühit təmin etməkdir. Onun sözlərinə görə, bu addım Baş nazir İrakli Kobaxidzenin cəmiyyətdə süni şəkildə yaradılmış qütbləşmə və aqressiv ritorikaya qarşı açıq müzakirə məkanı yaratmaq təşəbbüsünün növbəti mərhələsidir. Yeni idarə proaktiv rejimdə fəaliyyət göstərəcək, yəni hüquqi tədbirlərin görülməsi yalnız vətəndaş şikayətlərindən asılı olmayacaq, qurum özü müstəqil monitorinqlər apararaq lazımi materialları birbaşa məhkəməyə göndərəcək.