Türk dünyası gələcəkdə qlobal miqyaslı geosiyasi mərkəzlərdən biri kimi çıxış edəcək- ÖZƏL
10:50 Siyasət"TDT-nin dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərindəki qeyri-rəsmi Zirvəsi göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin belə bir formatda görüşlərin keçirilməsi ilə bağlı 2024-cü ildə irəli sürdüyü təşəbbüs özünü tamamilə doğruldur. Bu qəbildən olan sayca üçüncü Zirvənin yekun sənədində, yəni Türküstan Bəyannaməsində yer alanlar da deyiləni tam təsdiqləyir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Düşündüyümüzdən də qat-qat aktual bir məsələyə - "Süni İntellekt və Rəqəmsal İnkişaf"a həsr olunmuş Zirvənin bəyannaməsində əsas hədəf kimi texnoloji suverenlik göstərilir ki, bu da təbiidir. Artıq "texnofeodalizm" adlandırılan bir dönəmdə fərdlərin rəqəmsal təhkimliyə çevrilmələri nə qədər realdrsa, dövlətlərin də müstəqillikləri o qədər təhdid altındadır. Və heç bir türk dövləti təklikdə bu təhdidlərin real təhlükəyə çevrilməsinin qarşısını almaq gücündə deyil.
Ona görə də Türküstan Bəyannaməsində də vurğulandığı kimi, 2026-cı ilin sonunadək TDT-nin Süni İntellekt və Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planının qəbuluna, birgə texnoparkların, innovasiya mərkəzlərinin, vençur fondlarının yaradılmasına, kibertəhlükəsizlik sahəsində koordinasiyalı fəaliyyətə doğrudan da böyük ehtiyac var. Dünya Telekommunikasiya İnkişafı Konfransını (WTDC-25) Bakıda keçirməklə, Avropa ilə Asiyanı birləşdirəcək Transxəzər Fiber-Optik Kabel xətti təşəbbüsünü irəli sürüb qardaş Qazaxıstanla onun tikintisini birgə reallaşdırmaqla, rəqəmsal inteqrasiya yönündə atdığı addımlarla Azərbaycan burada da türk ailəsinin ən çox töhfə verən üzvü kimi çıxış edir.
Bəli, Azərbaycan yaxşı fərqindədir ki, cənab İlham Əliyevin türk dünyasının yeni əsrdə qlobal miqyasda aparıcı geosiyasi mərkəzə çevrilməli olduğu haqda bir neçə dəfə səsləndirdiyi və Türküstanda da təkrarladığı ideya məhz texnoloji suverenlik zəminində reallığa çevrilə bilər, başqa heç cür. Türküstan Zirvəsində edilən çıxışlardan hiss olunur ki, qardaş dövlətlər arasında bu məsələdə də strateji həmrəylik var.
Türkiyə Prezidentinin birgə müdafiə potensialının gücləndirilməsi və sənaye sahəsində əməkdaşlığın artırılması zəruriliyi, Qazaxıstan Prezidentinin geosiyasi qeyri-sabitliyə qarşı irəli sürdüyü vahid qalxan modeli, Özbəkistan Prezidentinin "Kibertəhlükəsizlik Alyansı"nın yaradılması təklifi və sair məhz bundan xəbər verir.
Açıq deməliyik ki, indiki reallıqlar, özəlliklə də süni intellekt, yüksək texnologiyalar sahəsindəki mövcud vəziyyət türk dünyasının qlobal miqyasda geosiyasi mərkəzlərdən birinə çevrilməsinin heç də asan olmayacağını göstərir. Amma əgər bunu bir zamanlar mümkünsüz görünənləri reallığa çevirməyi bacarmış, TDT-nin ilk qeyri-rəsmi Zirvəsini də Şuşada keçirmiş lider deyirsə, elə də olacaq. Türk dünyası gələcəkdə qlobal miqyaslı geosiyasi mərkəzlərdən biri kimi çıxış edəcək".