Mənzil - şəhərlərdə bərabərsizliyin azalmasında əsas amil olaraq qalmaqdadır - UN-Habitat rəhbəri
17:22 SiyasətMənzil - urbanizasiyanın bərabərsizliyin azalmasına töhfə verib-vermədiyini və ya əksinə, sosial təcridi gücləndirdiyini müəyyən edən əsas amillərdən biri olaraq qalır.
Trend xəbər verir ki, bunu UN-Habitat təşkilatının icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində keçirilən "Şəhər rifahı və hamı üçün imkanlar naminə mənzil" adlı panel sessiyasında bildirib.
Onun sözlərinə görə, mənzil yalnız "dam və dörd divar" demək deyil, həm də iş yerlərinə, təhsilə, səhiyyəyə, təhlükəsizliyə və sosial inteqrasiyaya çıxışa birbaşa təsir göstərən amildir.
"Mənzil sistemləri əlçatan həllər təqdim etmədikdə, yoxsulluq və sosial təcridin aradan qaldırılması daha da çətinləşir, bərabərsizlik isə növbəti nəsillərə qədər möhkəmlənir",- deyə Rossbax qeyd edib.
O vurğulayıb ki, dünyada təxminən üç milyard insan hələ də qeyri-qənaətbəxş mənzil şəraiti problemi ilə üzləşir. Bunların arasında qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan bir milyarddan çox insan və 300 milyondan artıq evsiz şəxs var.
Rossbax bildirib ki, şəhərlər iqlim dəyişiklikləri, əhalinin məcburi köçürülməsi, torpaq qiymətlərinin artması və dərinləşən bərabərsizlik səbəbindən getdikcə daha çox təzyiqlə üzləşir. Bu isə mənzil sahəsində daha güclü dövlət idarəçiliyi, uzunmüddətli planlaşdırma və effektiv tənzimləmə tələb edir.
"Yeni Şəhər İnkişaf Proqramı hələ on il əvvəl qəbul etmişdi ki, torpaq və mənzil yalnız əmtəə kimi nəzərdən keçirilə bilməz. Onlar sosial və ekoloji funksiyalar daşıyır və ictimai maraqlara xidmət etməlidir",- deyə o bildirib.
UN-Habitat rəhbəri vurğulayıb ki, inklüziv, dayanıqlı və aşağı karbonlu şəhərlərə nail olmaq mənzil sistemlərinin gücləndirilməsi, sosial mənzil fondunun genişləndirilməsi, qeyri-formal yaşayış məntəqələrinin modernləşdirilməsi, torpaq və əsas xidmətlərə çıxışın yaxşılaşdırılması, həmçinin dayanıqlı maliyyələşmənin səfərbər olunması olmadan mümkün deyil.