Yeni Şəhər Gündəliyinin əsas prinsiplərinin icrası prosesi yenidən nəzərdən keçirilməlidir - Konya şəhərinin meri
16:38 SiyasətYeni Şəhər Gündəliyinin əsas prinsiplərinin icrası prosesi yenidən nəzərdən keçirilməlidir.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Konya şəhərinin meri Uğur İbrahim Altay Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və Regional Hakimiyyət Orqanlarının Ümumdünya Assambleyasında çıxışı zamanı bildirib.
"Bu Dünya Assambleyası şəhərlərimiz və regionlarımız üçün son dərəcə önəmli bir dövrdə keçirilir. Dünyanın hər yerində yerli və regional hakimiyyət orqanları hər gün insanların real ehtiyaclarına birbaşa cavab verir - istər hüquqların müdafiəsi, layiqli mənzillə təminat, miqrasiyanın idarə olunması, iqlim ədaləti olsun, istərsə də ictimai həmrəylik məsələləri. Məhz ictimai xidmətlər sistemi vasitəsilə onlar bərabərliyi və insan ləyaqətini dövlət siyasətinin mərkəzinə qoyurlar", - deyə o bildirib.
Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən Yerli və Regional Hakimiyyətlərin Ümumdünya Assambleyasının rolu daha da gücləndirilməlidir.
"Bu proses yalnız mövcud vəziyyətin qiymətləndirilməsi ilə məhdudlaşmamalıdır. O, həmçinin gündəliyin icrasına mane olan fundamental problemləri də əhatə etməlidir: zəif desentralizasiya, məhdud maliyyə imkanları, mənzil və torpağın kommersiyalaşdırılması, eləcə də kifayət qədər effektiv olmayan çoxsəviyyəli idarəetmə mexanizmləri.
Hörmətli həmkarlar, Yeni Şəhər Gündəliyinin əsas prinsipləri aktuallığını qoruyub saxlayır. Lakin onun icrası prosesi insan hüquqları, qayğı, ərazi əsaslı yanaşma və yerli ictimai xidmətlərin göstərilməsi prizmasından yenidən düşünülməlidir. Bunun üçün yerli və regional hakimiyyət orqanlarına zəruri səlahiyyətlərin, maliyyələşmənin və institusional tanınmanın təmin edilməsi son dərəcə vacibdir", - deyə o əlavə edib.