Tullantıların poliqonlara daşınması əlavə xərclər yaratdığından təkrar emal bu ödənişləri və rüsumları azaltmağa kömək edir - Aleksey Spirin

Təkrar emal olunmuş alüminium kimi dövri materiallar həm istixana qazı emissiyalarını azaldır, həm də mənzil sektoru üçün daha dayanıqlı iqtisadi model formalaşdırır.

Trend xəbər verir ki, bunu RUSAL-ın İqlim tənzimlənməsi və beynəlxalq sertifikatlaşdırma departamentinin direktoru Aleksey Spirin WUF13 çərçivəsində baş tutan "Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail olmaq" mövzusunda Biznes Assambleyası sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ekoloji baxımdan əldə olunan qənaət olduqca böyükdür:

"İlkin alüminium istehsalı zamanı hər ton məhsula görə 12-14 ton karbon ekvivalenti emissiya yaranır və bunun üçün 12-16 meqavat/saat elektrik enerjisi tələb olunur. Təkrar emal olunmuş, yəni ikinci dərəcəli alüminium istehsalında isə emissiya cəmi 0,5 ton təşkil edir və ilkin istehsalla müqayisədə yalnız 5 faiz enerji sərf olunur.

Avropada tikinti sektorunda istifadə olunan alüminiumun 75-95 faizi artıq təkrar emal edilmiş materiallardan ibarətdir. Bu məhsulların karbon izi hər ton üçün 2,5 ton CO2-dən azdır ki, bu da ilkin alüminium istehsalının qlobal orta göstəricisindən beş dəfə aşağıdır".

Direktor vurğulayıb ki, alüminiumdan istifadə ev təsərrüfatları üçün də ciddi üstünlüklər yaradır:

"Müasir alüminium pəncərələr istilik itkisini 40-50 faiz azaldır və nəticədə tipik Avropa mənzilində illik isitmə xərclərinə 200-400 avro qənaət etməyə imkan verir.

Bundan əlavə, alüminium fasad sistemləri minimal texniki xidmətlə 50-80 il istifadə oluna bilir. Plastik fasadlar isə adətən hər 10-15 ildən bir təmir tələb edir. Keyfiyyətli enerji səmərəliliyi yenilənməsi layihələri adətən 7-12 il ərzində özünü maliyyə baxımından doğruldur".

Aleksey Spirin əlavə edib ki, dövri iqtisadiyyat yanaşması qiymət dəyişkənliyini də azaldır:

"Son dövrlərdə ilkin alüminiumun qiyməti bir ton üçün 1 400-3 000 dollar arasında dəyişib. Təkrar emal olunmuş alüminium bazarında isə dəyişkənlik təxminən iki dəfə azdır. Bu da şəhərlər və tikinti sektoru üçün daha sabit xərclər formalaşdırır.

Tikinti tullantılarının təkrar emalı da vacibdir. Çünki tullantıların poliqonlara daşınması və utilizasiyası əlavə xərclər yaradır. Təkrar emal isə bu ödənişləri və rüsumları azaltmağa kömək edir. Məsələn, Amsterdam və Kopenhagendə təkrar emal olunmuş alüminiumdan istifadə hər ton üçün 30-50 avro poliqon xərcinə qənaət etməyə imkan verir".

O qeyd edib ki, sökülərək yenidən istifadə edilə bilən dizayn yanaşması materialların qalıq dəyərinin 60-70 faizini qorumağa imkan verir:

"Bu xüsusilə alüminium üçün vacibdir. Çünki təkrar emal zamanı əsas problemlərdən biri alüminiumun polad, mis və digər metallarla qarışaraq çirklənməsidir.

İstifadədən sonra alüminiumun düzgün ərinti formasında yenidən istehsalı çətinləşir. Çünki ikinci dərəcəli alüminium müxtəlif materiallarla çirkləndiyindən keyfiyyətli məhsul əldə etmək daha mürəkkəb prosesə çevrilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31