Mənzil sektoru şəhər inkişafının mərkəzində olmalıdır - Bolqarıstanın Azərbaycandakı səfiri
13:16 SiyasətMənzil sektoru şəhər inkişafının mərkəzində olmalıdır.
Trend xəbər verir ki, bunu Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında deyib.
O bildirib ki, Bolqarıstan şəhər və regional inkişaf sahəsində strateji sənədlər və inteqrasiya olunmuş planlaşdırma yanaşmaları tətbiq edərək urban siyasətdə koordinasiyanı gücləndirir: "Əsas məqsəd şəhər mühitinin dayanıqlı şəkildə yenidən inteqrasiyası və yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Bolqarıstan xüsusilə enerji səmərəliliyi proqramları vasitəsilə yaşayış binalarının modernləşdirilməsini həyata keçirir. O qeyd edib ki, ölkədə artıq təxminən 2 min çoxmənzilli yaşayış binası milli enerji səmərəliliyi proqramı çərçivəsində yenilənib və bu, 130 minə yaxın mənzili əhatə edib".
Səfir əlavə edib ki, hazırda Milli Bərpa və Dayanıqlılıq Planı çərçivəsində əlavə layihələr icra olunur və bu təcrübə mənzil sektoruna investisiyaların şəhər transformasiyası və sosial dayanıqlılıq üçün mühüm rol oynadığını göstərir.
O, həmçinin vurğulayıb ki, Bolqarıstan enerji yoxsulluğu və əlçatan mənzil təminatı kimi problemlərlə üzləşməkdə davam edir və bu istiqamətdə uzunmüddətli siyasətlər hazırlanır: "Qarşıdakı dövrdə əsas prioritetlərə dayanıqlı maliyyələşmə mexanizmləri ilə binaların seçici yenilənməsi, əlçatan mənzilin urban siyasətin mərkəzinə gətirilməsi, mənzil və şəhər planlaşdırması arasında əlaqələrin gücləndirilməsi və yerli idarəetmələrin potensialının artırılması daxildir".
Ruslan Stoyanov qeyd edib ki, Yeni Şəhər Gündəliyinin hədəflərinə çatmaq üçün mənzil siyasəti sosial dayanıqlılıq, iqtisadi inkişaf və iqlim dəyişikliklərinə uyğunlaşmanın əsas elementi kimi qlobal gündəmdə mühüm yer tutmalıdır.