Yeni şəhər gündəliyinin icrası üzrə daha sürətli addımlara ehtiyac var - Anaklaudiya Rossbax
10:12 SiyasətYeni şəhər gündəliyinin icrası üzrə daha sürətli addımlara ehtiyac var.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısında deyib.
O, çıxışında Azərbaycan hökumətinə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, 2026-cı ilin Yeni Şəhər Gündəliyinin icrası baxımından mühüm mərhələ olduğunu vurğulayıb.
"Bu il yalnız hesabat ili deyil, həm də yeni yanaşmaların müəyyənləşdirilməsi ilidir. Hansı addımların nəticə verdiyini, hansı istiqamətlərdə geridə qaldığımızı və bundan sonra nəyi fərqli etməli olduğumuzu müəyyənləşdirməliyik", - deyə o qeyd edib.
UN-Habitat rəhbəri bildirib ki, Yeni Şəhər Gündəliyi yaşayış məntəqələri və şəhərlərin dayanıqlı inkişafı üçün əsas qlobal çərçivə olaraq qalır. Onun sözlərinə görə, şəhərlər yalnız problemlərin cəmləşdiyi məkanlar deyil, həm də genişmiqyaslı həllərin tətbiq oluna biləcəyi əsas platformalardır.
Anaklaudiya Rossbax qeyd edib ki, son on ildə bir sıra mühüm irəliləyişlər əldə olunub: "Hazırda təxminən 160 ölkə milli şəhər siyasəti çərçivələrini qəbul edib və ya hazırlayır. Ölkələrin üçdə ikisindən çoxu milli mənzil siyasətlərini təsdiqləyib, yüzlərlə şəhər isə könüllü yerli hesabatlar təqdim edib".
Onun sözlərinə görə, şəhər prioritetləri artıq iqlim siyasətlərində də daha geniş yer almağa başlayıb: "Belə ki, şəhər komponentlərini əhatə edən milli iqlim öhdəliklərinin payı 2021-ci ildəki 49 faizdən 2025-ci ildə 80 faizə yüksəlib.
Bununla yanaşı, Yeni Şəhər Gündəliyinin icrası hələ də qeyri-bərabər və bir çox hallarda kifayət qədər sürətli deyil".
"Öhdəliklər çox vaxt davamlı investisiyalara, yerli səviyyədə real nəticələrə və insanların həyatında ölçülə bilən dəyişikliklərə çevrilmir", - deyə o vurğulayıb.
Rossbax mənzil probleminin qlobal miqyasda ən ciddi çağırışlardan biri olaraq qaldığını bildirib. Onun sözlərinə görə, hazırda dünyada 1 milyarddan çox insan gecəqondu və ya qeyri-formal yaşayış məntəqələrində yaşayır: "Mənzil əlçatanlığı problemi isə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə dərinləşir. Qeyri-adekvat mənzil şəraitində yaşayan insanlar eyni zamanda daşqınlar, istilik dalğaları, torpaq sürüşmələri və digər iqlim risklərinə daha çox məruz qalırlar. Son iki onillikdə şəhərlərin 80 faizindən çoxunda temperaturun əhəmiyyətli dərəcədə artdığı qeyd olunub".
UN-Habitat rəhbəri vurğulayıb ki, mənzil məsələsinə yalnız tikinti sektoru kimi yanaşmaq olmaz.
"Bu məsələ torpaq siyasəti, infrastruktur, maliyyə, idarəetmə, iqlim fəaliyyəti və insan hüquqları ilə birbaşa bağlıdır", - deyə o bildirib.
Anaklaudiya Rossbax qarşıdakı onilliyin genişmiqyaslı icra dövrü olmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, xüsusilə qeyri-formal yaşayış məntəqələrində yaşayan və evsiz qalma riski ilə üzləşən insanlar üçün inklüziv mənzil siyasətlərinin gücləndirilməsini tələb edir.
O, həmçinin mənzil siyasətinin torpaq, nəqliyyat, məşğulluq, ictimai məkanlar və əsas xidmətlərlə əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
Çıxışının sonunda Rossbax bildirib ki, UN-Habitat üzv dövlətləri, yerli və regional hakimiyyət orqanlarını, eləcə də tərəfdaşları bu istiqamətdə dəstəkləməyə hazırdır.