WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirir - UN-Habitat rəsmisi

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirir.

Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İdarəetmə Orqanlarının katibi və Protokol şöbəsinin rəhbəri Ulf Bjornholm Bakıda keçirilən WUF13 çərçivəsində Trend-ə açıqlamasında deyib.

O, Azərbaycanın forumun təşkilində yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirib.

Onun sözlərinə görə, tədbirin təşkili olduqca təsir edicidir.

"Forum fantastik təşkil olunub. Qurulan infrastruktur, texniki hazırlıq və ümumi təşkilatçılıq çox peşəkar səviyyədədir. Tədbir həm texniki, həm də mədəni baxımdan böyük təəssürat yaradır. Azərbaycan haqqında çox şey öyrəndim və indiyədək gördüklərim əsasında bunun çox gözəl tədbir olduğunu deyə bilərəm", - deyə o qeyd edib.

U.Bjornholm bildirib ki, forum əsasən danışıqlardan daha çox əməkdaşlıq, təcrübə və bilik mübadiləsi üçün mühüm platformadır.

"Burada əsas məqsəd müxtəlif ölkələrin təcrübələrini bölüşməsi, bir-birindən öyrənməsi və əldə olunan nəticələri paylaşmasıdır. Bu gün dünyada bir-birimizdən öyrənməyə böyük ehtiyac var", - deyə UN-Habitat rəsmisi vurğulayıb.

O əlavə edib ki, WUF13-də dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçı, o cümlədən nazirlər, dövlət başçıları, merlər, parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcək.

"40 mindən çox qeydiyyat var. Minlərlə insan forum çərçivəsində bir araya gələcək, fikir mübadiləsi aparacaq və yeni əməkdaşlıq imkanları yaranacaq. Hesab edirəm ki, tədbir çox uğurlu nəticələrlə yadda qalacaq", - deyə U.Bjornholm əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31