Klassik və ictimai diplomatiyanın sintezinə dair yeni konsepsiyalar hazırlanmalıdır - Rizvan Nəbiyev

Türk Dövlətləri Təşkilatı Azərbaycanın hazırki sədrliyi dövründə beynəlxalq mövqelərini möhkəmləndirir. "Türk Dövlətləri Təşkilatı plus" formatında yeni tərəfdaşlar, imkanlar və əməkdaşlıq perspektivləri araşdırılır.

Trend xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda çıxışı zamanı deyib.

Müşahidə Şurasının üzvü xatırladıb ki, BMT-də müşahidəçi statusu almaq istiqamətində də fəaliyyət hədəflənib. Bu məsələ ötən il Qəbələdə keçirilən Zirvədən sonra qəbul olunan yekun sənəddə də öz əksini tapıb:

"Həmin Qəbələ sammitində ilk dəfə olaraq Türk dünyasının tarixində təhlükəsizlik və sülh, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə xüsusi yer ayrılıb. Bunun əsasında isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi, siyasi-diplomatik səyləri ilə təmin edilmiş Azərbaycanın Qarabağ zəfəri dayanır. Biz ərazi bütövlüyü, suverenliyimizi və milli ləyaqətimizi bərpa etdik. Milli ləyaqətin bərpasından bütün türk dünyasına pay düşür.

Qələbəmizin rəmzlərindən olan Şuşa, Türküstan şəhəri ilə qardaşlaşdı. Həmin qədim türk məkanında rəqəmsallaşmaya həsr olunmuş qeyri-rəsmi sammit keçirildi. Çünki 1926-cı ildə keçirilmiş I Türkologiya Qurultayının davamçıları olan bugünkü nəsil, babalarımızın ideyalarını yeni üsullarla, rəqəmsal formatda həyata keçirməlidir. Çünki yarımçıq qalmış arzular, ideyalar var və bizlər həmin arzuları müasir dövrün tələblərinə uyğun şəkildə reallaşdırmalıyıq".

R.Nəbiyev vurğulayıb ki, bu mənada, iki gün sonra Bakıda başlayacaq məskunlaşmaya həsr olunmuş BMT-nin nüfuzlu beynəlxalq forumu xüsusilə diqqət çəkir:

"Bu Urban forumu işğal nəticəsində torpaqları dağıdılmış, 150 milyard ABŞ dollarından çox zərər vurulmuş bir ölkənin azad edilmiş ərazilərinin bərpası istiqamətində həyata keçirdiyi fəaliyyəti təqdim edəcəyik".

"Bunlar "Track 1" diplomatiyası, yəni klassik diplomatiyanın fəaliyyətidir. Digər istiqamət isə salonda əyləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının fəaliyyətidir ki, bu da "Track 2" diplomatiyasıdır. Buraya ictimai diplomatiya, elm diplomatiyası və mədəniyyət diplomatiyası daxildir. Çünki bunların biri digərini tamamlayır.

Klassik diplomatiya "Track 1" diplomatiyasıdır, ikinci istiqamət isə qeyri-hökumət təşkilatlarının fəaliyyətidir, "Track 2" diplomatiyasıdır. Amma hazırda beynəlxalq münasibətlər sistemində yeni bir sintez modeli formalaşıb - "Track 1.5" diplomatiyası. Bu isə klassik diplomatiya ilə ictimai diplomatiyanın sintezidir. Gəlin birlikdə düşünək və buradan özümüzlə belə bir ideya aparaq ki, bu sintez əsasında yeni konsepsiyalar hazırlayaq və Türk dünyasında həmrəyliyin, birliyin və ortaq təfəkkürün möhkəmlənməsinə öz töhfəmizi verək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31