“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı
10:26 SiyasətAzərbaycana həmişə düşmən münasibət bəsləyən Ara Abramyan Ermənistanın baş nazirini necə təhdid edib?
Nikol Paşinyanın Ermənistanın Avropa Birliyinin Rusiya əleyhinə sanksiyalarına qoşulmayacağı haqda bəyanatı geniş reaksiya doğurub. Musavat.com xəbər verir ki, Rusiya mediası kritik parlament seçkiləri ərəfəsi Paşinyanın bu bəyanatnı ciddi təhlil edir.
"Həm Rusiya, həm də Aİ tərəfdaşlarımıza açıq şəkildə bildirmişik: Rusiyaya qarşı heç bir addım atmaq istəmirik" deyən baş nazir əlavə edib ki, Rusiyadan fərqli olaraq, Ermənistan ölkəyə tətbiq oluna biləcək sanksiyalara tab gətirməz.Paşinyan həmçinin bildirib ki, Ermənistan rəhbərliyi Rusiyada bu yaxınlarda qəbul edilmiş qanuna uyğun olaraq, Gümrüdəki 102-ci hərbi bazasından vətəndaşlarını qorumaq üçün istifadə edə biləcəyindən narahat deyil. Paşinyanın Rusiyaya qarşı tonunu dəyişməsi haqda müxtəlif iddialar var. Bildirilir ki, son vaxtlar Paşinyan Rusiyadakı erməni diasporunun basqısı altındadır. Müxtəlif mənbələrə görə, Rusiyada 3,5 milyona qədər erməni yaşayır.
Anonim qalmaq istəyən Moskvadakı erməni diasporunun nümayəndəsi "Svobodnaya Pressa"ya(SP) deyib ki, seçkilər ərəfəsində Paşinyana təzyiq edən Rusiya Erməniləri İttifaqı olub. Bu ittifaqda Rusiyadakı ciddi maliyyə resursları olan erməni sahibkarları cəmləşiblər.(Vaxtilə Rusiyadakı Azərbaycan diasporasında sınaqdan çıxarılan "Milyarder İttifaqı" yada düşür).Paşinyana Rusiya Erməniləri İttifaqının prezidenti, Rusiya Prezident yanında Millətlərarası Münasibətlər Şurasının Dövlət Milli Siyasətinin İnformasiya Dəstəyi Komissiyasının sədri Ara Abramyanın Paşinyana şəxsən təsir göstərdiyi, "ağıılı ol" mesajı verdiyi deyilir.
Yada salaq ki, Rusiya Erməniləri İttifaqının rəhbəri Abramyan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb. Müxtəlif çıxışlarında o, nifrət ritorikası ilə dolu ifadələr işlədərək Azərbaycanı hədəf alıb. Onun rəhbərlik etdiyi təşkilat erməni diasporu daxilində anti-Azərbaycan təbliğatının maliyyə mənbələrindən biri hesab olunur. Abramyan hazırda Ermənistanda sülh proseslərinə qarşı fəaliyyət göstərən revanşist qruplara dəstək verir. Abramyanın rəhbərlik etdiyi diaspor strukturları zaman-zaman Azərbaycan əleyhinə yönəlmiş təbliğat kampaniyalarında fəal iştirak edirlər. Xüsusilə 44 günlük müharibədən sonra Abramyanın təşkilatları Rusiyada, Fransada və ABŞ-da Azərbaycana qarşı yönəlmiş sərgilər, konfranslar və mediada qərəzli çıxışlar təşkil edib. Onun dəstəyilə 2021-ci ilin aprelində Parisdə təşkil olunan "Artsax - sivilizasiyanın beşiyi" adlı sərgidə Qarabağ "müstəqil dövlət" kimi təqdim edilmişdi. Sərgidə Qarabağ ermənilərinin, guya, "soyqırıma məruz qalması" iddiası irəli sürülmüşdü. O, İkinci Qarabağ müharibəsindən sonra keçmiş qondarma separatçı rejimin bəzi üzvləri ilə təmaslarını davam etdirib. Məsələn, 2021-ci ildə hazırda Bakıda həbsdə olan Arayik Harutyunyanla Moskvada görüşü zamanı Qarabağı "erməni torpağı" adlandırmışdı.
Tarix elmləri doktoru və Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Rusiya Xarici Siyasəti Mərkəzinin direktoru Boris Şmelevdən bu barədə "SP"şərh verib. "Əsas məsələ Rusiyanın enerji təchizatıdır. Rusiya enerjisi kiçik Ermənistan üçün əsas problemdir. Hazırda Ermənistandan qazın min kubmetr üçün 177 dollar tədarük edilir. Əgər Ermənistan AİB-dən çıxıb Aİ-yə qoşularsa, Rusiya qazının qiyməti dərhal 600-700 dollara qalxacaq. Əvvəllər İran qazı Ermənistan üçün Rusiya qazına alternativ ola bilərdi. Lakin ABŞ-İran müharibəsi fonunda bu tədarüklər problemə çevrilib. Paşinyan ilk növbədə fikrini dəyişməsinin səbəbi budur".
TASS Analitik Mərkəzinin baş redaktoru Aleksey Kravçenko isə nəşrə deyib ki, Paşinyan çox güman ki, seçkilərdə qalib gələcək, amma onun hakimiyyəti yaxşı bitməyəcək: "Ermənistan tarixin dərslərini təkrarlamağa məhkumdur: İrəvan Rusiya ilə intriqalar etməyə çalışan kimi, Ermənistan cənubdakı tarixən düşmən, güclü qonşuları tərəfindən "yeyilməyə" başlayır. Bu təhdidləri anlayan Ermənistan bir daha Rusiyanın qanadı altına alınmağı xahiş edir. Bu, həmişə belə olub və həmişə də belə olacaq."