Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası gənc nəslin fəal iştirakını tələb edir - Sümbül Turabova

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası təkcə dövlət siyasəti deyil, həm də gənc nəslin fəal iştirakını tələb edən milli missiyadır.

Trend xəbər verir ki, bunu Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Sümbül Turabova Bakıda keçirilən "Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

"Gələcək hüquqşünaslar hüquqi bazanın təkmilləşdirilməsinə və insan hüquqlarının müdafiəsinə töhfə verəcəklər, memarlar və şəhərsalma mütəxəssisləri dayanıqlı şəhərlərin layihələndirilməsini həyata keçirəcək və mədəni irsi qoruyacaqlar, mühəndislər və ekologiya mütəxəssisləri isə "yaşıl" infrastrukturun inkişafını və ekoloji bərpanı dəstəkləyəcəklər. Azərbaycanın gələcək inkişafı böyük ölçüdə yeni nəsil peşəkarlardan və innovativ düşüncədən asılıdır", - deyə o bildirib.

Turabova qeyd edib ki, özəl sektor tərəfdaşlığı və xarici investisiyalar da infrastruktur layihələrinin sürətlənməsinə və iqtisadi dirçəlişə töhfə verir.

"İşğaldan azad edilmiş ərazilər bu gün dayanıqlılıq, yenilənmə və milli həmrəyliyin mühüm simvollarıdır. Onların bərpası memarlıq, mədəniyyət və insan hüquqlarının sülh və dayanıqlı gələcəyin formalaşmasında necə birlikdə işləyə biləcəyini nümayiş etdirir", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31