İşğal dövründə şəhərlərimizin dağıdılması urbisid siyasətinin nümunəsi idi- ÖZƏL

"Son illərdə beynəlxalq siyasi və hüquqi ədəbiyyatda xüsusi aktuallıq qazanan urbisid, kultusid, ekosid və genosid anlayışları da diqqət mərkəzində dayanır. Urbisid şəhərlərin və yaşayış məkanlarının məqsədli şəkildə dağıdılması anlamını ifadə edir. Kultusid xalqın tarixi-mədəni irsinin, dini abidələrinin və mənəvi yaddaşının məhv edilməsinə yönələn siyasəti xarakterizə edir. Ekosid təbiətin və ekoloji sistemlərin sistemli şəkildə sıradan çıxarılması deməkdir. Genosid isə bütöv xalqların fiziki və mənəvi varlığını hədəfə alan ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib: "Azərbaycan postmünaqişə dövründə bu anlayışların acı nəticələri ilə üzləşmiş dövlətlərdən biridir. İşğal dövründə şəhərlərimizin dağıdılması urbisid siyasətinin nümunəsi idi. Tarixi və dini abidələrin məhv edilməsi kultusid siyasətini açıq şəkildə nümayiş etdirirdi. Meşələrin qırılması, su ehtiyatlarının çirkləndirilməsi və ekoloji balansın pozulması isə ekosid elementləri kimi qiymətləndirilə bilər. Bütün bunların fonunda Azərbaycan bu gün dağıdılmış məkanları yenidən həyata qayırmaqla yanaşı, yeni urbanizasiya və yeni humanitar inkişaf modeli formalaşdırır. Bu baxımdan WUF-13 forumunun Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzu baxımından mühüm siyasi və diplomatik uğur kimi qiymətləndirilməlidir.
Bu, eyni zamanda Azərbaycanın son illərdə həyata keçirdiyi urbanizasiya siyasətinə, ekoloji təşəbbüslərinə və dayanıqlı inkişaf modelinə verilən beynəlxalq etimadın göstəricisidir. Xüsusilə postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri dünya miqyasında maraq doğurur. Çünki burada sadəcə şəhərlər yenidən qurulmur, eyni zamanda yeni urbanizasiya fəlsəfəsi formalaşdırılır.
Bu prosesdə "mədəniyyət proqramlaşdırılması" anlayışı da xüsusi aktuallıq qazanır. Müasir şəhərsalma yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır. Şəhərin kimliyi onun mədəni yaddaşı, estetik ruhu, ictimai davranış modeli və sosial münasibətlər sistemi ilə formalaşır. Mədəniyyət proqramlaşdırılması şəhər məkanında insanların düşüncə tərzinin, sosial harmoniyanın, milli kimliyin və vətəndaş məsuliyyətinin sistemli şəkildə formalaşdırılması prosesidir. Bu baxımdan şəhərlər yalnız memarlıq layihəsi yox, eyni zamanda mədəni və ideoloji inkişaf platforması hesab olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31