Orta Dəhlizdən “TDT+”a: Türk dünyasının yüksələn çəkisi- ÖZƏL
15:07 Siyasət"Türk Dövlətləri Təşkilatı çərçivəsində "TDT+" formatının gündəmə gəlməsi təşkilatın artıq yalnız ortaq dil, tarix və mədəniyyət platforması olmadığını, qlobal geosiyasi proseslərdə nəzərə alınan regional güc mərkəzinə çevrildiyini göstərir. ABŞ, Çin, Böyük Britaniya, Yaponiya və digər aktorların TDT ilə ayrıca dialoq mexanizmi qurmağa çalışması türk coğrafiyasının strateji əhəmiyyətinin ciddi şəkildə artmasının göstəricisidir. Bu, xüsusilə enerji təhlükəsizliyi, Orta Dəhliz, nadir metallar, logistika marşrutları və Avrasiya ticarət xəritəsinin yenidən qurulması fonunda daha aydın görünür".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
Politoloq qeyd edib ki, əslində "TDT+" modeli bir növ Türk Dövlətləri Təşkilatının beynəlxalq legitimlik və təsir imkanlarını genişləndirən platformaya çevrilə bilər:
"Çünki artıq qlobal güclər regiona ayrı-ayrı dövlətlər üzərindən deyil, kollektiv siyasi format üzərindən yanaşmağa başlayırlar. Bu isə təşkilatın institusional çəkisini artırmaqla yanaşı, üzv dövlətlərin danışıqlarda manevr imkanlarını da genişləndirəcək.
Digər mühüm məqam Türkiyə-Qazaxıstan tandemidir. Ankara hərbi-siyasi və texnoloji gücü ilə, Astana isə Mərkəzi Asiyanın iqtisadi və geostrateji mərkəzlərindən biri kimi regionun gələcək arxitekturasında əsas rol oynayır. Xüsusilə son illərdə Türkiyənin müdafiə sənayesi, nəqliyyat layihələri və yumşaq güc siyasəti Mərkəzi Asiyada ciddi təsir formalaşdırıb. Qazaxıstan isə balanslı xarici siyasət modelini qorumaqla türk inteqrasiyasının institusional dayaqlarından birinə çevrilir.
"Turan faktoru"nun artıq romantik ideoloji anlayışdan çıxaraq praktik geosiyasi alətə çevrilməsi təsadüfi deyil. Dəyişən dünya nizamında türk dövlətləri təkcə ortaq kimlik deyil, ortaq maraqlar üzərində yeni güc xətti formalaşdırmağa çalışırlar. Türküstan sammiti də məhz bu yeni mərhələnin siyasi konturlarını müəyyənləşdirən mühüm platformadır".
Zeynəb Mustafazadə