Əsrin ən böyük qarşıdurması ABŞ-Çin üzərində qurulur- ÖZƏL
14:29 SiyasətXXI əsrin ən mühüm geosiyasi qarşıdurması artıq açıq şəkildə ABŞ-Çin rəqabəti üzərində qurulur. Bu rəqabət təkcə iki supergüc arasında iqtisadi və texnoloji mübarizə deyil. Burada söhbət qlobal sistemin gələcəyindən, yeni dünya düzəninin hansı prinsiplərlə formalaşacağından və beynəlxalq güc balansının necə dəyişəcəyindən gedir.
Məhz buna görə ABŞ Prezidenti Donald Trumpın Çinə səfəri və Çin lideri Si Cinpinlə keçirdiyi görüş dünyanın diqqət mərkəzindədir. Çünki Pekində baş tutan bu görüş təkcə Vaşinqton-Pekin münasibətlərinin gələcək trayektoriyasını müəyyənləşdirmir. Bu görüş eyni zamanda Yaxın Şərqdən Tayvana, Körfəzdən Avropaya, Latın Amerikasınadək olan bir coğrafiyada enerji bazarlarından süni intellekt savaşlarına qədər uzanan qlobal geosiyasi proseslərin istiqamətini müəyyənləşdirə biləcək strateji hadisə kimi qiymətləndirilir.
İlkin açıqlamalar göstərir ki, tərəflər müəyyən iqtisadi, enerji və regional təhlükəsizlik məsələlərində anlaşmaya yaxınlaşıblar. Lakin əsas strateji məsələlərdə, xüsusilə Tayvan, Yaxın Şərq, texnologiya, hərbi üstünlük, Hind-Sakit okean regionu və qlobal liderlik uğrunda mübarizədə kompromis ehtimalı hələ də son dərəcə zəif görünür. Amma Tramp-Si Cinpin Zirvə görüşünün təfərrüatı bəlli olduqdan sonra proseslərin gedişi barədə daha konkret fikirlər yürütmək olar.
Çünki problem artıq ticarət müharibəsi deyil. Problem dünya hegemonluğudur.
ABŞ mövcud qlobal dominant güc statusunu qorumağa çalışır. Çin isə artıq beynəlxalq sistemin dəyişməsinin qaçılmaz olduğunu düşünür. Vaşinqton qlobal nizamın əsas memarı kimi qalmaq istəyir. Pekin isə çoxqütblü dünya modelinin artıq tarixi zərurətə çevrildiyini hesab edir.
ABŞ dövlət katibi Marko Rubionun "Çin ABŞ-ın ən böyük geosiyasi problemidir" açıqlaması əslində Ağ Evin strateji düşüncəsinin açıq etirafıdır. Rubio eyni zamanda mühüm bir detalı vurğulayıb: "ABŞ Çini geosiyasi rəqib kimi ram etməyə çalışsa da, qlobal sabitlik üçün sağlam münasibətləri də qorumağa məcburdur".
Bu fikir göstərir ki, Vaşinqton artıq Pekinlə açıq və total qarşıdurmanın dünya iqtisadiyyatı və təhlükəsizlik sistemi üçün ağır nəticələr doğura biləcəyini anlayır. Çünki Çin artıq 20 il əvvəlki Çin deyil.
Bu gün Çin dünyanın ikinci böyük iqtisadiyyatıdır; texnologiya nəhəngidir; qlobal istehsal mərkəzidir; enerji və logistika şəbəkələrinin əsas aktorlarından biridir; Yaxın Şərq, Afrika, Latın Amerikası və Asiyada təsir imkanlarını sürətlə artırır.
Ən vacibi isə budur ki, ABŞ artıq Çini əvvəlki kimi "geri oturda" biləcək imkanlara malik deyil. Vaşinqton Pekinlə hesablaşmağa məcburdur. Eyni zamanda Çin də ABŞ-la tam qarşıdurmanın risklərini anlayır. Məhz buna görə tərəflər "idarə olunan rəqabət" modelinə üstünlük verməyə çalışırlar.
Burada Çin lideri Si Cinpinin toxunduğu "Fukidid tələsi" anlayışı xüsusi əhəmiyyət daşıyır. Qədim yunan tarixçisi Fukidid (Thucydides) tərəfindən irəli sürülən bu konsepsiya beynəlxalq münasibətlərdə yüksələn güclə dominant güc arasında müharibə riskinin qaçılmazlaşdığını ifadə edir.
Bu gün həmin model birbaşa ABŞ-Çin münasibətlərinə tətbiq olunur.
Si Cinpinin: "Dünyada əvvəlcədən yazılmış Fukidid tələsi yoxdur. Amma böyük dövlətlərin strateji səhvləri belə bir tələ yarada bilər" fikri əslində Vaşinqtona açıq mesaj idi.
Pekin demək istəyir ki, Çin ABŞ üçün ölümcül təhlükə olmaq istəmir, lakin ABŞ da Çinin yüksəlişini zorla dayandırmağa çalışmamalıdır, əks halda dünya böyük böhranlarla üzləşə bilər. Bu baxımdan Tramp-Si görüşünün ən mühüm nəticələrindən biri ABŞ və Çinin müəyyən strateji koordinasiya mexanizmlərini qorumağa çalışmasıdır.
Xüsusilə İran və Hörmüz boğazı məsələsində Pekinin mövqeyi olduqca diqqət çəkicidir. Trampın açıqlamasına görə, Si Cinpin İranın nüvə silahına malik olmaması məsələsində Vaşinqtonla ortaq mövqedən çıxış edib və Hörmüz boğazının açıq qalmasının vacibliyini vurğulayıb.
Bu, təsadüfi deyil. Çünki Çin iqtisadiyyatı üçün Yaxın Şərq və Körfəz bölgəsi həyati əhəmiyyət daşıyır. Pekin dünyanın ən böyük enerji idxalçılarından biridir və Çin iqtisadiyyatının davamlılığı böyük ölçüdə Körfəz neftinin təhlükəsiz daşınmasından asılıdır.
Məhz buna görə Çin İran böhranının tammiqyaslı regional müharibəyə çevrilməsini istəmir. Pekin Tehranın strateji tərəfdaşı olsa da, İran uğrunda ABŞ-la açıq qarşıdurmaya getmək niyyətində deyil.
Burada Çinin əsas strategiyası belə görünür: İranı tam itirməmək; ABŞ-la açıq toqquşmadan yayınmaq; Körfəzdə enerji axınının davam etməsini təmin etmək; regional böhranları idarəolunan səviyyədə saxlamaq. Başqa sözlə, Çin Yaxın Şərqdə "anti-Amerika bloku" qurmaqdan daha çox, balans siyasəti yürütməyə çalışır.
Trampın Çin neft bazarı ilə bağlı açıqlamaları da geoiqtisadi baxımdan mühüm siqnaldır. ABŞ prezidentinin dediyinə görə, Pekin Amerika neftinin alınmasına maraq göstərib. Lakin bunun nə dərəcədə praktik və uzunmüddətli olacağı hələ də ciddi sual altındadır. Çünki Çin enerji təhlükəsizliyində bir mənbədən asılı qalmaq istəmir. Pekin Rusiya; İran; Səudiyyə Ərəbistanı; Körfəz ölkələri; Afrika; Mərkəzi Asiya kimi müxtəlif enerji mənbələri arasında balans siyasəti aparır.
ABŞ neftinin Çin bazarında payının artması mümkündür. Amma Pekinin strateji olaraq Vaşinqtondan enerji asılılığına getməsi real görünmür.
Digər tərəfdən ABŞ da anlayır ki, Çinlə iqtisadi münasibətləri tam qoparmaq mümkün deyil. Dünya iqtisadiyyatının hazırkı strukturu buna imkan vermir. Məhz buna görə qarşıdakı illərdə dünya paradoksal bir mərhələyə daxil olacaq: əməkdaşlıq və qarşıdurma paralel şəkildə davam edəcək; iqtisadi əlaqələr qorunacaq, amma texnoloji savaş dərinləşəcək; diplomatik dialoq davam edəcək, amma hərbi hazırlıq artacaq; tərəflər ticarət aparacaq, amma eyni zamanda regional təsir uğrunda savaşacaqlar.
Tayvan məsələsi isə yaxın illərdə ABŞ-Çin münasibətlərinin ən təhlükəli nöqtəsi olaraq qalacaq. Pekin Tayvanı öz milli təhlükəsizliyinin və ərazi bütövlüyünün qırmızı xətti hesab edir. ABŞ isə Hind-Sakit okean strategiyasının əsas elementi kimi Tayvana dəstəyi davam etdirir.
Bu səbəbdən Vaşinqton və Pekin arasında tam strateji yaxınlaşma ehtimalı son dərəcə zəifdir.
Əslində Tramp-Si görüşü bir mühüm həqiqəti ortaya qoydu:
Dünya artıq təkqütblü deyil.
ABŞ hələ də dominant supergücdür. Lakin Çin artıq ikinci qlobal aktor kimi beynəlxalq sistemin bütün əsas proseslərinə təsir etmək imkanına malikdir. Vaşinqton Pekinlə hesablaşmadan qlobal böhranları idarə edə bilmir. Pekin də ABŞ-la koordinasiya olmadan dünya iqtisadiyyatını və təhlükəsizlik sistemini sabit saxlaya bilmir.
Bu isə qarşıdakı illərdə yeni və mürəkkəb bir dünya modelinin formalaşacağını göstərir. Bu modelin əsas xüsusiyyəti isə belə olacaq: idarə olunan rəqabət; məhdud əməkdaşlıq; geosiyasi bloklaşma; texnoloji savaş; enerji diplomatiyası; regional böhranlar üzərindən qlobal təsir mübarizəsi. Başqa sözlə, planet artıq "çoxqütblü dünya uğrunda böyük savaş" mərhələsindədir.
Və görünən budur ki, ABŞ-la Çin müəyyən məsələlərdə anlaşsalar belə, həll edə bilmədikləri strateji ziddiyyətlər dünyanın müxtəlif bölgələrində yeni böhranların ortaya çıxmasını qaçılmaz edəcək.
Mürtəza Bünyadlı
Siyasi şərhçi