Rəqəmsal şəhər modeli müasir urbanizasiya siyasətinin əsas elementləri hesab olunur- ÖZƏL
14:46 Sosial"Bu gün qlobal siyasətdə texnologiyaya sahib olan dövlətlər üstün mövqedə dayanırlar. Süni intellekt, rəqəmsal idarəetmə, alternativ enerji, biotexnologiya və kosmik texnologiyalar uğrunda rəqabət əslində elmi potensial uğrunda mübarizənin yeni mərhələsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib: "Eyni zamanda dünya ciddi ekoloji çağırışlarla üz-üzədir. İqlim dəyişiklikləri, su qıtlığı, meşələrin məhv olması, hava çirkliliyi və urbanizasiya nəticəsində təbiət balansının pozulması artıq bəşəri təhlükə xarakteri daşıyır. Bir çox beynəlxalq hesabatlarda qeyd olunur ki, yaxın onilliklərdə dünyanın ən böyük problemlərindən biri məhz şəhərlərin ekoloji davamlılığının qorunması olacaq. Bu səbəbdən şəhərsalma anlayışı da dəyişmişdir. Müasir şəhər yalnız yollar, binalar və kommunikasiya sistemi demək deyil. Şəhər insanın təbiətlə münasibətinin göstəricisinə çevrilmişdir.
Məhz buna görə dayanıqlı və dözümlü şəhər anlayışı XXI əsrin əsas strateji istiqamətlərindən birinə çevrilmişdir. Bu gün şəhərsalma siyasətində əsas məqsəd təbiətə minimum müdaxilə etməklə insan üçün maksimum rahat və təhlükəsiz mühit yaratmaqdır. Yaşıl enerji, ekoloji nəqliyyat, ağıllı idarəetmə sistemləri, su resurslarının qorunması, tullantıların düzgün idarə olunması və rəqəmsal şəhər modeli artıq müasir urbanizasiya siyasətinin əsas elementləri hesab olunur".
Millət vəkili əlavə edib ki, müasir urbanistika nəzəriyyəsində "kreativ şəhər" anlayışı da xüsusi aktuallıq qazanmışdır: "Bu konsepsiyaya görə şəhərin əsas gücü yalnız iqtisadi resurslar və tikinti infrastrukturu ilə müəyyən olunmur. Şəhərin real potensialı onun insan kapitalı, yaradıcı düşüncə mühiti, innovativ idarəetmə sistemi və ictimai dinamizmi ilə ölçülür. Kreativ şəhər modeli göstərir ki, şəhərlər yalnız yaşamaq üçün məkan yox, eyni zamanda düşüncə, elm, mədəniyyət və yaradıcılıq platformasıdır. Bu nəzəriyyəyə əsasən şəhərin inkişafı üçün vətəndaş təşəbbüskarlığı, sosial liderlik, mədəni açılıq və yaradıcı idarəetmə mühüm əhəmiyyət daşıyır. Müasir urbanistika sahəsində qeyd olunur ki, şəhərlərin gələcəyini ilk növbədə yaradıcı insan potensialı müəyyən edir. Əgər şəhər öz sakinlərinin düşüncə imkanlarını inkişaf etdirirsə, elmə və innovasiyaya şərait yaradırsa, həmin şəhər davamlı inkişaf modelinə çevrilə bilir".