WUF-13 Azərbaycanın beynəlxalq humanitar və mədəni diplomatiyasınının nümunələridir- ÖZƏL
12:58 Siyasət"Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) təkcə urbanistika və memarlıq sahəsində beynəlxalq tədbir deyil, həm də Azərbaycanın artan siyasi nüfuzunun, strateji diplomatiyasının və dayanıqlı inkişaf modelinin beynəlxalq səviyyədə təqdimatı kimi qiymətləndirilməlidir. Forumun məhz Bakıda təşkili ölkəmizin son illərdə qlobal tədbirlərin keçirilməsi sahəsində qazandığı etimadın növbəti təsdiqidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "COP29-dan sonra dünyanın diqqətinin yenidən Bakıya yönəlməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin göstəricisidir. Xüsusilə BMT kimi nüfuzlu qurumun şəhərsalma gündəliyinin əsas müzakirə platformasını Azərbaycana etibar etməsi ölkəmizin dayanıqlı inkişaf siyasətinə verilən beynəlxalq qiymət kimi xarakterizə oluna bilər.
Prezident İlham Əliyevin forumla bağlı hazırlıq prosesini xüsusi nəzarətdə saxlaması dövlətin bu tədbirə strateji yanaşmasının göstəricisidir. Bakı Olimpiya Stadionu ətrafında qurulan 53 hektarlıq əməliyyat zonası, minlərlə iştirakçının koordinasiyalı şəkildə idarə olunması, müasir media və logistika infrastrukturu Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində artıq institusional təcrübə formalaşdırdığını nümayiş etdirir.
Forum çərçivəsində ölkənin mədəni irsinin, memarlıq ənənələrinin və milli urbanistik yanaşmalarının təqdim olunması Azərbaycanın beynəlxalq humanitar və mədəni diplomatiyasınının nümunələridir. "WUF13 Bulvarı", "Urban Expo" zonaları, İçərişəhər motivləri və milli ornamentlərin tədbirin vizual konsepsiyasında istifadə olunması ölkənin milli kimliyini qlobal platformada daha tanıdılmasına da xidmət edir".