Ermənistan seçkiləri ərəfəsində geosiyasi savaş: Moskvanın ritorikası sərtləşir- ÖZƏL
18:24 Siyasət" Ermənistanda seçkilər yaxınlaşdıqca vəziyyətin daha da gərginləşəcək, aydındır ki, tərəflər bir-birinə qarşı ittihamlarını daha çox səsləndirəcəklər. Rusiyaya yönümlü müxalif qüvvələr Paşinyanı torpaqları satmaqda, Qarabağdan imtina etməkdə və Rusiyaya arxa çevirməkdə ittiham edəcəklər. Cəmiyyəti aldatmağa çalışacaqlar ki, guya onlar hakimiyyətdə olsalar, proseslər tamamilə fərqli istiqamətdə gedə bilər. Hətta erməniləri Qarabağa qaytara biləcəkləri ilə bağlı revanşist, heç bir əsası olmayan, utopik vədlər verirlər. Rusiyanın bu proseslərə müdaxilə maraqları var. Şübhəsiz ki, Rusiyanın əsas maraqlarından biri mümkün olarsa, öz tərəfdarlarını gücləndirib birləşdirmək və Paşinyanı seçkilərdə məğlub etdirməkdir. Bunun çətin olduğunu onlar da bilirlər. O baxımdan anlayırlar ki, bu mümkün olmayacağı təqdirdə, ən azından mümkün qədər çox Rusiya yönümlü qüvvələrin parlamentdə təmsil olunmasına çalışmaq lazımdır ki, Paşinyan hakimiyyətinə daxildən təzyiq imkanları artsın. Əlbəttə ki, Rusiya müxtəlif təzyiq rıçaqlarını işə salıb və ilk növbədə qeyd etdiyimiz kimi, açıq şəkildə öz tərəfdarlarına həm siyasi, həm təbliğat, həm də informasiya dəstəyi verir. Maliyyə yardımlarının olması da istisna deyil. Doğrudur, Rusiyanın dəstəklədiyi qüvvələr onsuz da kifayət qədər maliyyə imkanlarına və resurslara sahibdirlər." Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib: "İstər Karapetyan, istər Köçəryan, istərsə də digərləri-bunlar kifayət qədər imkanlı şəxslər hesab olunurlar. Əlbəttə ki, Rusiyanın Ermənistana müəyyən təzyiq imkanları var. Amma bu o demək deyil ki, Rusiya burada istədiyini tam şəkildə həyata keçirə bilər. Nəzərə alsaq ki, Ermənistan hakimiyyətinin Qərbə yönəlmiş siyasəti Ermənistan cəmiyyətində də müəyyən qədər dəstəklənir. Belə ki, xüsusilə 2020-ci ildən sonra Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və Qarabağ məsələsini həll etməsi Ermənistan cəmiyyətində travma yaratsa da, erməni cəmiyyəti bunun günahını daha çox Rusiyada görür və Rusiyada axtarır. Ona görə də anti-Rusiya meyilləri Ermənistanda kifayət qədər ciddidir.
Rusiya da yaxşı başa düşür ki, Paşinyan hakimiyyətinin üzərinə həddindən artıq getmək və təzyiqləri artırmaq əks nəticə verə bilər. Yəni bu, Paşinyanın nüfuzdan düşməsinə yox, əksinə reytinqinin yüksəlməsinə səbəb ola bilər. Çünki xüsusilə Ermənistanda gənc nəsil Avropaya, Qərbə sərbəst və vizasız gediş-gəliş istəyir. Onlar öz gələcəklərini daha çox Qərblə əlaqələndirirlər. Bu təbəqə də təbii olaraq hökuməti müdafiə edir. Rusiya bütün bu faktorları nəzərə almaq məcburiyyətindədir.
O baxımdan şübhəsiz ki, biz seçkilər ərəfəsində Rusiya tərəfindən bu cür təzyiqləri görəcəyik. Eyni zamanda bu təzyiqlər daha çox dolayısı yolla, Rusiya yönümlü qüvvələr vasitəsilə həyata keçiriləcək. Amma Rusiyanın özü də əslində birbaşa prosesdə iştirak edir. Nəzərə alsaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün son açıqlamalarında Ermənistana qarşı müəyyən təzyiq elementlərini açıq şəkildə görürük.
Əlbəttə ki, bu təzyiqlər davam edəcək. Amma Paşinyan da bütün bunları hesablayır. Bir daha qeyd edim ki, Rusiya elə formada təzyiq etməyə çalışır ki, bu, Ermənistanda anti-Rusiya ovqatını daha da gücləndirməsin. O baxımdan yaxın dövrdə həm təzyiqlərin artacağını, həm də siyasi mübarizənin daha da kəskinləşəcəyini müşahidə edəcəyik".
Zeynəb Mustafazadə