Aİ missiyası İrəvanda nəyi qorumağa çalışır? ÖZƏL

"Zəngilanda keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər həqiqətən də reallığı özündə ehtiva edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, 44 günlük Vətən müharibəsindən bir müddət sonra Zəngilan istiqamətində Azərbaycan sərhəd qoşunlarının xidmətdə olan bir əsgərinə Ermənistan tərəfindən atəş açılmışdı. Azərbaycan Silahlı Qüvvələri hadisəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdıqdan sonra 24 saat ərzində gözlədi ki, dünya birliyi Ermənistanı növbəti hərbi təxribat addımına görə qınayacaq və bu əmələ münasibət bildirəcək. Lakin bu baş vermədiyi üçün Azərbaycan tərəfi - ayrıca qoşun növü olan sərhəd qoşunları vasitəsilə - şəxsi heyətə qarşı törədilmiş bu hücuma cavab olaraq uğurlu əməliyyat keçirdi, bir neçə erməni hərbçisini zərərsizləşdirdi və həmin postu tamamilə məhv etdi. Bu gün də həmin ərazidə erməni postu mövcud deyil. Həmin dövrdə Avropa İttifaqının müşahidə missiyası artıq Ermənistanda fəaliyyət göstərirdi. Lakin onlar hadisələrin baş verdiyi əraziyə uzaqdan, ənənəvi "binokl diplomatiyası" çərçivəsində nəzarət edirdilər. Gerçəkdən də, əgər Ermənistan Silahlı Qüvvələri daxilindəki müəyyən avantürist qüvvələr yenidən Azərbaycana qarşı atəşkəsi pozmağa və ya hər hansı təxribat törətməyə cəhd etsələr, Azərbaycanın verəcəyi cavab qarşısında Avropa Birliyinin mülki müşahidə missiyasının təsirli addım atmaq imkanları olmayacaq. Çünki həmin missiya regiona hər iki tərəfin razılığı ilə yerləşdirilməyib. Onların bölgəyə gəlişi əvvəlcə qısamüddətli müşahidə xarakteri daşıyırdı. Atəşkəsin yeni elan olunduğu dövrdə fəaliyyətə başlayan missiya sonradan Ermənistanda möhkəmlənərək mandatını uzatdı. Zaman-zaman onların sərhəddə görünməsi və Azərbaycan tərəfini binoklla müşahidə etməsi Azərbaycanda haqlı narazılıq doğurub. Bununla belə, ictimaiyyətimizdə belə bir fikir də formalaşıb ki, Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyasının əsas funksiyası təkcə sərhədi izləmək deyil. Əslində onların əsas missiyası Ermənistan hakimiyyətinə, başqa sözlə, Nikol Paşinyan hökumətinə qarşı daxildə yarana biləcək pozucu və təxribatçı fəaliyyətləri vaxtında müəyyən etmək, bu məlumatları həm Paşinyan hakimiyyətinə, həm də Brüssel və digər Avropa paytaxtlarına ötürməkdir.

Ekspertin fikrincə, Avropa Birliyinin mülki müşahidə missiyası Azərbaycanla Ermənistan arasında mümkün hərbi gərginliyin qarşısını ala biləcək real gücə malik deyil. Onlar sadəcə olaraq missiyanın adını fərqli müəyyənləşdiriblər. Formal olaraq Azərbaycan-Ermənistan sərhədində müşahidə aparsalar da, fəaliyyətlərinin əsas istiqaməti Ermənistan daxilində hakimiyyətə qarşı yarana biləcək təxribatların, xüsusilə də Rusiyadan qaynaqlana biləcək təsirlərin qarşısını almağa yönəlib. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əgər yenidən belə bir vəziyyət yaranarsa, həmin mülki müşahidə missiyası bunun qarşısını almaq gücündə olmayacaq. Prezidentin çıxışının geosiyasi əhəmiyyəti də məhz buradadır. Həm Ermənistan daxilindəki avantürist qüvvələr, həm də onları şimaldan və qərbdən dəstəkləyən dairələr anlamalıdırlar ki, istər 44 günlük Vətən müharibəsi, istər antiterror tədbirləri, istərsə də müharibədən sonra sərhəddə yaşanan müxtəlif hərbi insidentlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi qətiyyət və peşəkarlıq onu göstərir: Ermənistanı Azərbaycana qarşı yenidən hərbi əməliyyatlara təşviq etmək mümkün olsa belə, Azərbaycanın cavab addımlarının qarşısını heç kim ala bilməz. Bu səbəbdən Ermənistan cəmiyyəti bu gün ölkədə gedən seçki prosesi fonunda müharibə ritorikası səsləndirən siyasi qüvvələrə deyil, Ermənistanda mövcud sülh mühitinin qorunmasına çalışan Paşinyan hakimiyyətinə dəstək verməklə dövlət olaraq öz gələcəyini təmin edə bilər. Cənab Prezidentin çıxışında açıq mətnlə verdiyi mesaj da bundan ibarət idi ki, Ermənistanda hələ də Azərbaycana qarşı nifrət və təxribat siyasəti aparan qüvvələr mövcuddur və əgər həmin qüvvələr hakimiyyətə gəlsələr, bu, Ermənistan üçün yaxşı perspektiv vəd etmir. Bu mesaj, əslində, Ermənistandakı Avropa Birliyinin mülki müşahidə missiyasına ünvanlanan mesajın davamı və daha dolğun ifadəsi kimi qiymətləndirilə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31