Zəngilandan Avropaya siyasi xəbərdarlıq: Bakı kənar diktəni qəbul etmir- ÖZƏL

"Prezident İlham Əliyevin Zəngilan çıxışı Azərbaycanın post-münaqişə dövründəki xarici siyasət strategiyasının ən sərt və birbaşa ifadələrindən biri kimi qiymətləndirilməlidir. Dövlət başçısının hədəf seçdiyi "boşboğaz" və "saxta qəhrəmanlar" ritorikası, ilk növbədə, regionda maraqları toqquşan müəyyən Avropa dövlətlərinə və onların təsiri altında olan siyasi dairələrə ünvanlanıb. Bəzi paytaxtların son illərdə Ermənistanı intensiv şəkildə silahlandırması və Avropa İttifaqının müşahidə missiyası vasitəsilə regionda "təhlükəsizlik qarantı" roluna iddia etməsi rəsmi Bakı tərəfindən destabilizasiya cəhdi kimi qəbul olunur. Əliyev bu kəskin bəyanatla nümayiş etdirir ki, Azərbaycan regionun təhlükəsizlik arxitekturasını kənar oyunçuların diktəsi ilə deyil, öz gücü və iradəsi ilə formalaşdırıb".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:

""2020-ci ildə kömək etmədilər" mesajı isə dərin siyasi praqmatizmə söykənən strateji bir həmlədir. Bu ifadənin iki əsas hədəfi var: Birincisi, Ermənistan cəmiyyətinə və siyasi elitasına ünvanlanan "tarixi dərs" xəbərdarlığıdır. Prezident xatırladır ki, İkinci Qarabağ Müharibəsinin ən kritik məqamlarında bu gün "xilaskar" libasında çıxış edən xarici paytaxtlar real hərbi-siyasi müstəvidə İrəvanı xilas etmək iqtidarında deyildilər və bu gün də bu status-kvo dəyişməyib. Bu, Ermənistanın revanşist xəyallarını uzaq vədlər üzərində qurmasının geosiyasi intihar olduğunu göstərir.
Əliyev vurğulayır ki, 30 illik işğal dövründə beynəlxalq hüququn icrasını təmin etməyən və 2020-ci ildə hadisələrin gedişatına təsir edə bilməyən qüvvələrin indi sülh moderatorluğuna iddia etməsi məntiqsizdir. Bu çıxış Azərbaycanın hərbi qələbəsini diplomatik müstəvidə tamamilə suverenləşdirmək və Ermənistanı kənar təsirlərdən arındıraraq birbaşa ikitərəfli sülhə məclur etmək strategiyasının tərkib hissəsidir. Prezidentin mesajı aydındır: Cənubi Qafqazda reallıqları kənar mərkəzlər deyil, Bakının yaratdığı yeni güclər balansı müəyyən edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31