Körfəzdə "gizli səfər" fırtınası: Tehranın hədələri regionu müharibəyə sürükləyir? – ÖZƏL
15:16 Siyasətİsrail Baş naziri Benyamin Netanyahunun BƏƏ-yə gizli səfər etməsi barədə yayılan iddialar bölgədə diplomatik fırtına qoparıb. İranın xarici işlər naziri Abbas Əraqçi bu məlumatlara sərt reaksiya verərək, İsraillə əməkdaşlığı "bağışlanmaz macəra" adlandırıb və tərəfdaş dövlətləri birbaşa hədələyib. BƏƏ tərəfi isə həm gizli səfəri, həm də ölkədə İsrail hərbi mövcudluğu barədə xəbərləri qəti şəkildə təkzib edib.
Maraqlıdır, Əraqçinin sərt bəyanatları regionda yeni gərginlik mərhələsinin anonsu sayıla bilərmi? Bu hadisə regionda "soyuq müharibə"ni isti qarşıdurma fazasına keçirə bilərmi?
"Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə səfəri ilə bağlı iddialar hələ də ciddi müzakirə mövzusudur. Çünki bəzi mənbələr bu səfərin baş tutduğunu təsdiqləyirlər. Hətta bəzi iddialara görə, Netanyahunun özü də Birləşmiş Ərəb Əmirliklərinə səfər etdiyini etiraf edib və bildirib ki, bu səfər iki ölkə arasındakı münasibətlərin gələcək inkişafında mühüm rol oynayacaq. Buna baxmayaraq, qarşı tərəf, yəni Birləşmiş Ərəb Əmirlikləri belə bir səfərin baş tutduğunu israrla təkzib edir. Bu baxımdan, hələlik səfərin olub-olmaması ilə bağlı qəti fikir bildirmək çətindir".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, ancaq bir reallıq mövcuddur ki, Birləşmiş Ərəb Əmirlikləri də digər bəzi Körfəz ölkələri kimi İsraillə yaxın münasibətlərə malikdir. Eyni zamanda İranla münasibətlər kifayət qədər gərgin olaraq qalır. Birləşmiş Ərəb Əmirlikləri və bəzi digər Körfəz ölkələri İranın raket təhdidləri və hücumları ilə üzləşiblər. Bu səbəbdən həmin dövlətlər hazırda İranla kəskin münasibətlər mərhələsini yaşayırlar. Bu baxımdan hesab etmək olar ki, həmin ölkələrin maraqları müəyyən mənada İsraillə münasibətlərin inkişaf etdirilməsini zəruri edir. Çünki İrandan gələn təhlükələr fonunda bu dövlətlər öz təhlükəsizliklərini təmin etmək üçün İsraillə əməkdaşlığa daha çox önəm verməyə məcbur qalırlar. Təbii ki, hadisələrin bu istiqamətdə inkişafı və rəsmi Tehranın həm Birləşmiş Ərəb Əmirliklərini, həm də İsraillə yaxın münasibətlərə malik ərəb ölkələrini təhdid etməsi regionda yenidən hərbi əməliyyatların baş verməsi ehtimalını artırır. Hətta ABŞ və İsrailin birbaşa iştirakı olmasa belə, İranla bəzi ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi toqquşmaların baş verməsi ehtimalını tam istisna etmək olmaz.
"Ümumilikdə belə görünür ki, Yaxın Şərqdəki problemlər və regiondakı hərbi-siyasi böhran həll olunmaq əvəzinə daha da dərinləşməkdə davam edir. Böyük ehtimalla Yaxın Şərq hələ uzun illər, bəlkə də onilliklər ərzində hərbi münaqişələr və geosiyasi qarşıdurmalar bölgəsi olaraq qalacaq", - deyə siyasi şərhçi vurğulayıb.
Səidə Ramazanova