Çin -ABŞ danışıqları Yaxın Şərqdəki proseslərə əhəmiyyətli təsir etməyəcək- ÖZƏL
15:14 Siyasət"ABŞ prezidenti Donald Trumpın Çinə iki günlük səfəri və aparılan danışıqlar ümumilikdə müsbət istiqamətdə davam edir. Tərəflər arasında əsas fikir ayrılığı isə Tayvan məsələsində qalır. ABŞ-ın Tayvanla bağlı Çinə ciddi güzəştlərə gedəcəyi gözlənilmir. Çin sədri Si Sinpinqin Tayvan məsələsində Donald Trampa açıq etiraz və xəbərdarlıq etməsi regionda yeni eskalasiya ehtimalını artırır. Çin Tayvana qarşı dəniz blokadası tətbiq edə bilər". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Bununla yanaşı, iki ölkə əsasən iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm razılaşmalar əldə etməyə çalışır. İran məsələsində isə Çin Hörmüz boğazı ilə bağlı ABŞ-ın mövqeyinə yaxın yanaşma nümayiş etdirir. Tərəflər Hörmüz boğazında əvvəlki statusun bərpası məsələsində oxşar mövqedən çıxış edirlər.
Lakin iqtisadi və ticarət sahəsində müəyyən razılaşmalar əldə olunsa da, İran və Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ və Çin arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Ümumilikdə, Donald Trampın İran məsələsində zəif mövqedə olduğu bir vaxtda Çinə səfəri birmənalı deyil. Məhz bu səbəbdən Çin rəhbərliyi Tayvan məsələsində Vaşinqtona açıq xəbərdarlıq mesajı verdi.
Əgər Donald Tramp İran üzərində tam siyasi üstünlük əldə etdikdən sonra Çinə səfər etsəydi, proseslərin fərqli istiqamətdə inkişaf etməsi mümkün olardı. Hazırkı vəziyyətdə isə Çin ABŞ qarşısında özünü daha güclü tərəf kimi təqdim etməyə çalışır və danışıqların gedişi də bunu göstərir. ABŞ-ın İran məsələsində Çindən dəstək istəməsi Pekinin geosiyasi mövqeyini daha da gücləndirə bilər. ABŞ və Çin arasında İran üzərindən aparılan geosiyasi rəqabət fonunda Pekinin təsir imkanlarının artdığı müşahidə olunur".