Məsələlər Pekində həll olunur - ÖZƏL

"ABŞ Prezidenti Donald Trampın Çin səfəri qurulan yeni dünya nizamında Çinin önəmini daha da aktuallaşdırır. Bu arqumenti gücləndirən amil yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinin də Çinə reallaşacaq səfəridir. Artıq Putin səfərin detallarının dəqiqləşdiyi, tezliklə baş tutacağını da dedi. Deməli, yeni dünya düzəninin müzakirə yeri Çindir."

Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Trampın səfəri ilk növbədə ABŞ-Çin münasibətlərində yeni balans axtarışının göstəricisi kimi qiymətləndirilə bilər. Səfər həm iqtisadi, həm geosiyasi, həm də təhlükəsizlik məsələləri baxımından olduqca kritik bir dövrə təsadüf edir. ABŞ və Çin arasında son illərdə artan ticarət müharibəsi, texnologiya rəqabəti və Tayvan məsələsi fonunda bu görüş tərəflərin tam qarşıdurmadan yayınmağa çalışdığını göstərir.  

Bu səfərin əsas mesajlarından biri odur ki, Vaşinqton və Pekin bir-birini strateji rəqib hesab etsə də, tam iqtisadi ayrılmanın hər iki tərəf üçün ciddi risklər yaratdığını anlayır. Trampın nümayəndə heyətində texnologiya və biznes liderlərinin, xüsusilə süni intellekt və yüksək texnologiya sektorundan olan şəxslərin iştirak etməsi iqtisadi gündəliyin ön planda olduğunu göstərir.  

Digər mühüm məqam isə İran məsələsidir. Hazırda Yaxın Şərqdəki gərginlik fonunda ABŞ Çinin Tehran üzərində təsir imkanlarından istifadə etmək istəyir. Çin isə həm enerji təhlükəsizliyi, həm də regional nüfuzu baxımından İranla münasibətlərini qorumağa çalışır. Bu səbəbdən Trampın Pekinə səfəri yalnız ikitərəfli münasibətlər deyil, həm də qlobal təhlükəsizlik arxitekturası ilə bağlıdır.  

Siyasi baxımdan Tramp bu səfərlə özünü "qlobal razılaşmalar əldə edən lider" kimi təqdim etməyə çalışır. ABŞ daxilində inflyasiya, xarici siyasətdə isə İran böhranı səbəbindən təzyiq altında olan Tramp üçün Çinlə mümkün iqtisadi anlaşmalar daxili auditoriyaya da hesablanıb.  

Çin tərəfi isə Trampa yüksək səviyyəli protokol nümayiş etdirərək diplomatik mesaj verdi. Bu, Pekinin ABŞ-la münasibətləri tam gərginlik xəttinə keçirmək istəmədiyini göstərir. Lakin bütün bu müsbət görüntülərə baxmayaraq, Tayvan, texnologiya embarqoları və geosiyasi nüfuz uğrunda rəqabət kimi fundamental problemlərin qısa müddətdə həll olunacağı real görünmür.  

Ümumilikdə, bu səfəri "qarşıdurmanın idarə olunması" cəhdi kimi xarakterizə etmək olar. Yəni tərəflər rəqabəti davam etdirəcək, amma bu rəqabətin nəzarətdən çıxmasının qarşısını almağa çalışacaqlar."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31