Türkiyə sərhədinin "Azərbaycan açarı": Sülh olmasa, qapılar bağlı qalacaq – ÖZƏL

"44 günlük Vətən müharibəsindən sonra  Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bundan sonra Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdı və müharibədən dərhal sonra Azərbaycan Prezidenti Ermənistanla sülh sazişinin imzalanması üçün beş prinsipdən ibarət təşəbbüslə çıxış etdi. Bu təşəbbüsün əsas məqsədi Cənubi Qafqazda sülhün, əmin-amanlığın və sabitliyin təmin olunması idi. Çünki regionda stabilliyin yaranması həm siyasi, həm də iqtisadi əməkdaşlığın genişlənməsinə səbəb ola bilərdi. Azərbaycan tərəfi bu baxımdan sülh təşəbbüsü ilə çıxış edib və bu günə qədər də həmin təşəbbüsə sadiq qalıb".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bununla yanaşı, Azərbaycan Ermənistanın nəqliyyat kommunikasiyalarının açılması istiqamətində də addımlar atdı. Bildiyiniz kimi, Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması prosesi həyata keçirilir. Eyni zamanda sülh sazişinin mətninin razılaşdırılması istiqamətində də mühüm irəliləyiş əldə olunub. Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında sülh müqaviləsinin mətninin razılaşdırıldığı açıqlanıb. Lakin sülh sazişinin imzalanması üçün Azərbaycanın rəsmi şəkildə irəli sürdüyü müəyyən şərtlər var. Bu şərtlərdən biri Ermənistan konstitusiyasında dəyişiklik edilməsidir. Çünki sülhün əsas prinsipi dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistan konstitusiyasında isə Azərbaycana qarşı ərazi iddiaları qalır və bu baxımdan Ermənistanın referendum keçirərək bu məsələyə hüquqi və siyasi şəkildə aydınlıq gətirməsi vacib hesab olunur. Ermənistan xalqı Azərbaycanın ərazi bütövlüyünü tanımalı və bu istiqamətdə mövqeyini ortaya qoymalıdır ki, bundan sonra sülh sazişi rəsmi şəkildə imzalansın.

Ekspert qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması Cənubi Qafqazda sabitliyin yaranmasına səbəb ola bilər. Ermənistanın gələcək inkişafı, iqtisadi və siyasi müstəqilliyi böyük ölçüdə qonşularla münasibətlərdən asılıdır. Əgər Ermənistan həqiqətən suveren və müstəqil dövlət kimi inkişaf etmək istəyirsə, qonşularla dinc yanaşı yaşama prinsipinə əməl etməlidir. Xüsusilə də Ermənistanın Avropaya inteqrasiya planları Türkiyə ilə sərhədlərin açılmasından keçir. Türkiyə üzərindən Avropaya çıxış əldə etmək üçün isə ilk növbədə Azərbaycanla münasibətlər normallaşmalıdır. Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, sərhədlərin açılması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından asılıdır. Bunun üçün də sülh sazişi imzalanmalı və Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu gün Ermənistanda ciddi siyasi gərginlik müşahidə olunur. Çünki ölkədə hakimiyyət uğrunda mübarizə gedir və müxtəlif qlobal güclərin maraqları toqquşur. Erməni diasporunun Qərb qanadı ilə Rusiya yönümlü qüvvələr arasında ciddi rəqabət mövcuddur. Hakimiyyət uğrunda mübarizə fonunda populist və avantürist çıxışlar edilir, cəmiyyət daxilində reytinq qazanmaq üçün radikal çağırışlar səsləndirilir. Əgər yenidən Azərbaycana qarşı ərazi iddiaları və müharibə çağırışları gündəmə gətirilərsə, bundan ən böyük zərəri Ermənistan və erməni xalqı görəcək. Çünki Ermənistanın gələcəyi regionda sabitlikdən və qonşularla münasibətlərdən asılıdır. Ermənistan cəmiyyəti yenidən avantürist qüvvələri dəstəkləyərsə, bu halda Azərbaycan-Ermənistan münasibətlərində gərginlik daha da arta bilər və Türkiyə ilə sərhədlərin açılması prosesi də sual altında qala bilər.

A. Məsiyevin sözlərinə görə, Ermənistanda radikal qüvvələrin hakimiyyətə gəlməsi və Azərbaycana qarşı düşmənçilik siyasətinin davam etdirilməsi bölgədə yeni təhlükələr yarada bilər. Azərbaycan cəmiyyətində də tarixi torpaqlarla bağlı məsələlər daim gündəmdə saxlanılır. Zəngəzur və Göyçə ilə bağlı tarixi məsələlər, eləcə də Qərbi Azərbaycan icmasının geri qayıdış çağırışları beynəlxalq hüquq çərçivəsində müzakirə olunur. Əgər Ermənistanda yenidən radikal və revanşist çağırışlar güclənərsə, bölgədə qarşıdurma riskləri də arta bilər. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində hazırda Cənubi Qafqazda böyük güclərin maraqlarının müəyyən mənada uzlaşdırılması prosesi gedir və bu da bölgədə sabitliyə xidmət edir. Əgər avantürist dairələr bu sabitliyi pozmağa çalışsalar, regionda yeni xaos yarana bilər. Belə bir vəziyyətdə isə ən böyük ziyanı yenə Ermənistan və erməni xalqı çəkəcək. Çünki Ermənistanın gələcək inkişafı, suverenliyi və iqtisadi perspektivləri məhz qonşularla normal münasibətlərin qurulmasından asılıdır. Əgər Ermənistan yenidən köhnə revanşist və avantürist siyasətə qayıdarsa, bu, ilk növbədə həmin dövlətin öz gələcəyini təhlükə altına sala bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31