Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin eks-prezidenti Robert Köçəryanın mütləq həbs edilməli olduğunu bəyan edərək hüquq-mühafizə orqanlarına açıq mesaj ünvanlayıb.

Olaylar.az xəbər verir ki, baş nazir Ermənistanın hüquq-mühafizə sisteminin Köçəryanı hüquqi məsuliyyətə cəlb etməli olduğunu bildirib.

Paşinyan qeyd edib ki, eks-prezident dəmir barmaqlıqlar ardına göndərilməyincə, hakimiyyət xalqı ölkədə ədalətli mühakimənin olduğuna inandıra bilməyəcək.

"Mənə qarşı yönələn və cavab verməkdə ən çox çətinlik çəkdiyim əsas ittiham budur: İnsanlar soruşur ki, Robert Köçəryan niyə hələ də azadlıqdadır?", - deyə Paşinyan vurğulayıb.

O, həmçinin əlavə edib ki, bu məsələnin şəxsi intiqam kimi görünməsini istəmir, ona görə də proses institusional səviyyədə, qanun çərçivəsində həll olunmalıdır.

Bu bəyanatın fonunda Ermənistan mediası artıq hərəkətə keçildiyini xəbər verir. Məlumata görə, Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" alyansının Spitakdakı ofisində genişmiqyaslı axtarışlar aparılır. İlkin məlumatlara görə, artıq saxlanılan və həbs edilənlər var. Ölkənin Antikorrupsiya Komitəsi hələlik hadisə ilə bağlı rəsmi şərh verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31