İrəvanın "blokada" oyunu: Türkiyə ilə sərhəd açılsa, sülh prosesi ləngiyəcək? – ÖZƏL

"Bir müddət öncə Türkiyə Prezidentinin nümayəndəsi Ermənistan üçün kifayət qədər məqbul hesab edilən bəyanatlarla çıxış etdi. Hətta demək olar ki, Ermənistanla münasibətlərin normallaşmasının və sərhədlərin açılmasının anonsunu verdi. Sonrakı dövrdə isə Ermənistanın xarici işlər naziri ilə görüşdən sonra Ankaranın viza məhdudiyyətlərini aradan qaldırdığı elan edildi və Türkiyə bunu regionda sülh mühitinin inkişafına töhfə məqsədilə etdiyini bildirdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Bəs bütün bu proseslər Türkiyə-Ermənistan sərhədinin açılmasına işarə sayıla bilərmi? 

Düşünürəm ki, bəli, bu ehtimal var. Baxmayaraq ki, Ermənistan hələ də konstitusiyasında dəyişiklik etməyib, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları həmin sənəddə qalır. Eyni zamanda Azərbaycanla yekun sülh sazişi də imzalanmayıb. Halbuki Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlərin açılması yalnız Azərbaycanla yekun sülh sazişi bağlandıqdan sonra mümkün ola bilər və Azərbaycanın maraqları mütləq nəzərə alınacaq. Bu fikirləri ən yüksək səviyyədə, o cümlədən Prezident Ərdoğan səviyyəsində dəfələrlə eşitmişik. Ona görə də Ermənistan-Azərbaycan arasında tam sülh sazişi imzalanmadan və Ermənistan konstitusiyası dəyişdirilmədən sərhədlər açılmayacaq. Çünki yaxın vaxtlarda Makron Ermənistanda olarkən Türkiyə sərhədindən keçid etmək istəmişdi. Azərbaycan tərəfinin narazılığından sonra bu keçid baş tutmadı. Ümid edək ki, bundan sonra da belə addımlar olmayacaq. Amma müasir geosiyasi şəraitdə bunu tam istisna etmək də olmaz. Bu bəyanatlar müəyyən proseslərin anonsu ola bilər və sərhədlərin açılması gündəmə gələ bilər. Əgər belə olarsa, bu, Azərbaycan üçün müsbət hal sayılmaz. Çünki indiki Ermənistan hakimiyyəti onsuz da müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasını uzadır. Bunu Prezident İlham Əliyev də Zəngilanda çıxışı zamanı qeyd etmişdi. Ermənistan rəhbərliyi hər yerdə sülhdən danışır, müxtəlif təkliflər verir, amma real addımlar atmır. Xüsusilə də konstitusiyanın dəyişdirilməsi ilə bağlı çoxlu bəyanatlar verilsə də, praktik nəticə yoxdur.

Ekspert bildirib ki, əgər Türkiyə-Ermənistan sərhədi açılsa, sülh sazişinin daha da ləngiməsi ehtimalı yarana bilər. Bu, həm də Zəngəzur dəhlizi layihəsinin arxa plana keçməsinə səbəb ola bilər. Bildiyiniz kimi, Ermənistan alternativ layihələr üzərində işləyir. Hətta Fransa Sisian istiqamətində gedən yol layihəsi üçün, səhv etmirəmsə, 9 milyon avro vəsait ayırıb. Ermənistan Zəngəzur dəhlizi layihəsi üçün maliyyə tapa bilmədiyini deyir, amma alternativ yollar üçün vəsait tapılır. Bu da göstərir ki, Ermənistan müəyyən mənada Zəngəzur dəhlizinin uzadılmasında maraqlıdır. Əgər Türkiyə ilə sərhədlər açılsa, bu layihə daha da arxa plana keçə bilər ki, bu da Azərbaycanın maraqlarına tam uyğun deyil. Belə bir prosesin baş verməsi Ermənistanın blokadadan çıxmasına, Avropaya çıxış imkanlarının genişlənməsinə səbəb ola bilər. Bu halda Ermənistanın Azərbaycanla sülh sazişi, konstitusiya dəyişiklikləri və tranzit yolları məsələsində Azərbaycandan asılılığı müəyyən qədər azalacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31