Prezidentin Zəngilan mesajı: Azərbaycanın regional mövqeyi daha da güclənir - ÖZƏL
13:10 Siyasət"Prezidentin Zəngilanda səsləndirdiyi fikirlərdə ölkənin regional və beynəlxalq mövqeyinin güclənməsi, sülh, sabitlik və yeni kommunikasiya xətlərinin açılması istiqamətində atılan addımların əhəmiyyəti vurğulanıb."
Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:
"Ağıllı kənd layihələri çərçivəsində Ağalı kəndi artıq uğurlu bir nümunə kimi formalaşıb. Bununla yanaşı, ümumilikdə Zəngəzur və Qarabağ bölgələrinin inkişafı Azərbaycanın strateji hədəfləri sırasında mühüm yer tutur. Bu istiqamət kommunikasiya xətlərinin açılması, regionda yeni iqtisadi əlaqələrin qurulması və Ermənistanla münasibətlərin normallaşdırılması prosesində də vacib mərhələ kimi çıxış edir.
Eyni zamanda, bu proses yalnız regional əməkdaşlıq baxımından deyil, daha geniş beynəlxalq siyasi kontekstdə də əhəmiyyət daşıyır. Burada baş verən inkişaflar və irəliləyişlər, bəzi dairələr tərəfindən Azərbaycana qarşı yönəldilən əsassız iddialara və təzyiq cəhdlərinə də cavab mahiyyəti daşıyır. Azərbaycan öz mövqeyini praktiki addımlarla ortaya qoyaraq, regionda sülhün, sabitliyin və inkişafın tərəfdarı olduğunu nümayiş etdirir.
Bu baxımdan işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi yalnız məskunlaşma deyil, həm də milli dövlətçilik və strateji inkişaf baxımından mühüm mərhələdir. Həmin ərazilərdə infrastrukturun qurulması, əhalinin geri dönüşünün təmin olunması və müasir yaşayış standartlarının tətbiqi Azərbaycanın gələcəyə yönəlmiş siyasətinin tərkib hissəsidir.
Nəticə etibarilə, bu yanaşma həm ölkə daxilində sosial-iqtisadi inkişafı stimullaşdırır, həm də beynəlxalq miqyasda Azərbaycanın mövqeyini daha da gücləndirir. Regionların dirçəldilməsi və əhalinin doğma torpaqlara qayıdışı isə ölkənin ümumi inkişaf strategiyasında əsas prioritetlərdən biri kimi çıxış edir."
İbrahim Məmmədli