WUF13: Azərbaycanın şəhərsalma siyasəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir - ÖZƏL
12:34 Siyasət"Dövlət səviyyəli beynəlxalq tədbirin Bakıda keçirilməsi, sözsüz ki, Azərbaycanın dünya miqyasında artan roluna və mövqeyinə verilən önəmin göstəricisidir. Çünki belə nüfuzlu tədbirlərin təşkilatçıları qərar qəbul edərkən ilk növbədə ev sahibi ölkənin potensialını nəzərə alırlar. Buraya ölkənin iqtisadi və maliyyə imkanları, siyasi sabitliyi, əlverişli investisiya mühiti, eləcə də infrastruktur quruculuğu və tikinti sahəsində formalaşdırdığı təcrübə daxildir."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Məhz bu amillər Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi üçün etibarlı və cəlbedici ölkə kimi seçilməsində mühüm rol oynayır. Eyni zamanda unutmaq olmaz ki, Azərbaycan artıq beş ildən çoxdur işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və urbanizasiya işləri həyata keçirir. Həmin ərazilərdə yeni şəhər, qəsəbə və kəndlərin salınması, əhalinin müasir standartlara uyğun şəkildə məskunlaşdırılması Azərbaycanın bu sahədə ciddi təcrübə qazandığını göstərir.
Sözsüz ki, belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın urbanizasiya və şəhərsalma sahəsində əldə etdiyi son nailiyyətlərin dünyaya təqdim olunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Düşünürəm ki, beynəlxalq qurumların bu tədbiri Bakıda keçirmək qərarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma və məskunlaşma layihələrinə olan maraq da mühüm rol oynayıb. Çünki dünya ictimaiyyəti də görmək istəyir ki, Azərbaycan dağıdılmış ərazilərdə urbanizasiya prosesini hansı model əsasında və necə həyata keçirir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda qurulan yaşayış məntəqələri tamamilə yeni tipli məskənlərdir. Müasir texnologiyaların tətbiqi, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının həyata keçirilməsi, eyni zamanda dağıdılmış ərazilərin yenidən qurulması təbii olaraq beynəlxalq maraq doğurur.
Ona görə də belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi bir neçə baxımdan böyük əhəmiyyət daşıyır. Bu, ilk növbədə ölkənin gücünü və beynəlxalq nüfuzunu nümayiş etdirir, Azərbaycanın şəhərsalma və urbanizasiya sahəsindəki təcrübəsinin təqdim olunmasına imkan yaradır. Eyni zamanda yeni investisiyaların cəlb edilməsi, iqtisadi əlaqələrin genişlənməsi və ölkəyə yeni turizm axınının formalaşması baxımından da mühüm rol oynayacaq."
İbrahim Məmmədli