WUF13: Azərbaycan şəhərsalma sahəsində regional nüfuzunu gücləndirir - ÖZƏL
12:24 Siyasət"Azərbaycan, xüsusilə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə həyata keçirdiyi yenidənqurma və şəhərsalma layihələri ilə bu gün dünyaya yeni inkişaf modeli təqdim edir."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Hamımız yaxşı xatırlayırıq ki, azad edilmiş ərazilərdə salınan ilk yaşayış məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi oldu. "Ağıllı kənd" konsepsiyası əsasında qurulan bu yaşayış məntəqəsi müasir texnologiyalarla təchiz edilmiş, sıfırdan inşa olunmuş və qısa müddətdə beynəlxalq səviyyədə diqqət çəkən uğurlu nümunəyə çevrilmişdir.
Eyni zamanda Azərbaycan yalnız Qarabağda deyil, Bakı başda olmaqla ölkənin bütün böyük və kiçik şəhərlərində müasir şəhərsalma, memarlıq və infrastruktur layihələri həyata keçirir. Bu gün Azərbaycanın şəhərlərinə gələn xarici qonaqlar burada yaradılan səliqə-sahmanı, memarlıq üslubunu və şəhərsalma mədəniyyətini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, Pakistanın Baş naziri Şahbaz Şərif dəfələrlə Bakının memarlığı və şəhərsalma mədəniyyəti ilə bağlı müsbət fikirlər səsləndirib. Ümumilikdə isə Azərbaycana səfər edən bir çox yüksək səviyyəli qonaqlar ölkəmizin şəhərsalma sahəsində örnək təşkil etdiyini xüsusi vurğulayırlar.
Bu baxımdan hesab edirəm ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu WUF13 Azərbaycanın uğurlu şəhərsalma təcrübəsinin dünyaya təqdim olunması üçün əlavə imkan yaradacaq. Azərbaycanın bu sahədə qazandığı nailiyyətlər təkcə ölkəmiz üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu və qardaş türk dövlətləri üçün də mühüm töhfədir. Artıq Azərbaycanın təcrübəsi öyrənilir, tətbiq edilir və uğurlu model kimi göstərilir. Bu gün şəhərsalma mədəniyyətini Azərbaycan səviyyəsində qurmağa çalışan ölkələrin sayı da getdikcə artır.
Belə nüfuzlu beynəlxalq tədbirlərin Bakıda və Azərbaycanın digər şəhərlərində keçirilməsi ölkəmizə əlavə diqqət cəlb edir. Azərbaycanı yaxından tanımayan insanlar belə bu tədbirlər vasitəsilə ölkəmizə gəlir, burada gördükləri inkişafı, təhlükəsizliyi və müasir infrastrukturu öz ölkələrində böyük rəğbətlə təqdim edirlər. Bu isə Azərbaycanın həm turizm potensialının, həm də mədəniyyətinin dünyada daha geniş tanınmasına xidmət edir.
Eyni zamanda, bu cür beynəlxalq tədbirlər yeni investisiyalar üçün də əlverişli şərait yaradır. Çünki iri investorlar və beynəlxalq şirkətlər investisiya qoyuluşu zamanı ilk növbədə sabitlik və təhlükəsizlik faktoruna diqqət yetirirlər. Qlobal tədbirlərə uğurla ev sahibliyi edən ölkələr isə adətən risk səviyyəsi aşağı olan, etibarlı dövlətlər kimi qəbul edilir. Azərbaycan da artıq illərdir ki, özünü belə ölkələr sırasında təsdiqləyib. Mən düşünürəm ki, WUF13 kimi mötəbər tədbirin Bakıda keçirilməsi ölkəmizə yeni investisiyaların cəlb olunmasına və iqtisadi imkanların genişlənməsinə əlavə stimul verəcək."
İbrahim Məmmədli