Yeni Düzən xəmiri hələ çox su aparacaq- ÖZƏL

Ölkə Prezidentinin Zəngilanın əhəmiyyəti haqqında dediyi fikirlər və sərgilədiyi yanaşma əslində bir mesaj kimi qəbul olunmalıdır ki, biz digər rayonlarımızın da güclü, zəif tərəfləri daxil olmaqla investisiya və inkişaf imkanları ilə bağlı yaxşı bir  təhlil aparaq.
Bu gün ölkəmiz bir çox beynəlxalq layihələrin həm tərkib hissəsi (tranzit ölkə olaraq Orta Dəhlizdə), həm də mənbəyidir (məsələn, BTC, Cənub Qaz Dəhlizi və sair). Biz aparılan bu siyasətdən iqtisadi inkişafımız üçün istifadə etməyi bacarmalıyıq;
Dəfələrlə qeyd etdiyim kimi, Yeni Düzən xəmiri hələ çox su aparacaq. Bu səbəbdən Çin, Avropa və ayrı-ayrı ölkələr öz enerji, ərzaq, iqtisadi, rəqəmsal təhlükəsizliklərini təmin etmək üçün alternativ variantlar axtarır və risklərini diversifikasiya edirlər. Həm ölkəmiz, həm Qafqaz üçün ciddi tarixi şans yaranıb. Biz bu tarixi şansdan istifadə edərək qlobal layihələrin tərkib hissələrində qalmağı, öz mövqelərimizi qorumağı bacarmalıyıq. Ölkələrin əhəmiyyət verdiyi məsələlər siyasi sabitlik, təhlükəsizlik, iqtisadi rifah amilləridir. Sözümün təsdiqi olaraq Orta Koridorun keçdiyi Orta Asiya ölkələri və Qafqaz ölkələrinə diqqət yetirə bilərsiniz;
 Yaxın Şərqə gəlincə- Tərəflər üçün zaman daralır. ABŞ iqtisadiyyatında formalaşmış çağırışlar haqqında burada təkrara yol vermək istəmirəm. İran iqtisadiyyatı haqqında bir neçə göstərici əslində İran üçün də iqtisadi vəziyyətin nə dərəcədə gərgin olduğunu göstərir. Rəsmi illik inflyasiya 60%, qeyri-rəsmi 100%-in üzərində. İranın ÜDM-nin 25%-i, fiskal (büdcə gəlirlərinin) 65%-i, ixracının 80%-i Hörmüz Boğazı vasitəsilə əldə olunur. Boğazın bağlanması İran iqtisadiyyatının bu çatışmazlıqlara dözmə imkanlarının maksimum 5-6 ay olacağını deməyə əsas verir. 
 Sonda hər iki mövzunu ümumiləşdirən qeyd edim ki, hər bir ölkənin uğuru həmin ölkəni münaqişələrdən kənarda saxlamağa nail olmaq və dünyada formalaşan vəziyyətdən öz ölkəsinin iqtisadi mənafeyi üçün maksimum istifadə etməyi bacarmaqdır. Ölkə Prezidenti birinci məsələdə həmişə uğurlu siyasət yürütdü. İkinci məsələ ilə bağlı isə hər bir qurumun üzərinə böyük məsuliyyət və iş düşür.
Elman Sadıqov
İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31