Azərbaycan BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyinin təmin olunmasına çağırış edib
11:38 SiyasətAzərbaycan BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zamanı Qlobal Cənubun ədalətli təmsilçiliyinin təmin olunmasına çağırıb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Qlobal Cənub QHT Platformasının (GSNP) ilk Baş Assambleyasında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Qlobal Cənub ölkələri yeni dünya nizamının formalaşması zamanı daha müşahidəçi qismində qalmamalıdırlar.
"Bu gün Qlobal Cənubun nəhəng potensialını və dünya əhalisinin böyük hissəsinin burada yaşadığını nəzərə alsaq, yeni dünya nizamının formalaşmasının sadəcə müşahidəçisi olmağımıza imkan verə bilmərik", - deyə o bildirib.
Hikmət Hacıyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının mövcud strukturu müasir reallıqları əks etdirmir, Qlobal Cənubun səsi isə beynəlxalq institutlarda kifayət qədər eşidilmir.Trend.az