“Azərbaycan artıq əvvəlki deyil”: Bakı-Moskva münasibətlərindəki "soyuqluğun" pərdəarxası – ŞƏRH – ÖZƏL
14:39 Siyasət"Uzun müddətdir ki, Rusiya ilə Azərbaycan arasında müəyyən gərginlik yaşanır. Bu gərginliyin əsas səbəblərindən biri bizim təyyarəmizin vurulması hadisəsindən sonra yaranmış vəziyyətdir. Həmin məsələ ilə bağlı Azərbaycanın gözlədiyi tam nəticə və aydın münasibət hələ də əldə olunmadığı üçün təbii olaraq bu gərginlik qalmaqdadır. Baxmayaraq ki, son dövrlərdə Rusiya tərəfindən müəyyən addımlar atılıb və hansısa nəticələr əldə etməyə çalışılıb, amma bu, Azərbaycanın gözləntilərinin tam qarşılanması demək deyil".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Rusiya-Azərbaycan münasibətlərinə və ümumilikdə Rusiyanın siyasətinə baxdıqda görürük ki, Moskva yenidən MDB məkanındakı dövlətləri öz təsir dairəsində saxlamağa və münasibətləri əvvəlki qaydada idarə etməyə çalışır. Lakin Azərbaycan artıq əvvəlki dövrdəki Azərbaycan deyil. Ölkə həm Avropa ilə inteqrasiya istiqamətində, həm də Qərb institutları və digər xarici dövlətlərlə münasibətlər baxımından ciddi şəkildə inkişaf edib. Azərbaycan bu gün dünya siyasətində mühüm rol oynayan aktorlardan birinə çevrilib və bunu açıq şəkildə nümayiş etdirir. Bu vəziyyət isə təbii ki, Rusiyanın Azərbaycanla bağlı plan və baxışları ilə tam uyğun gəlmir. Digər mühüm məqam isə Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Ermənistan artıq uzun müddətdir ki, Qərbyönümlü inteqrasiya xətti götürüb və Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətlər əvvəlki qədər isti deyil. Baxmayaraq ki, Ermənistan iqtisadi baxımdan hələ də Rusiyadan müəyyən dərəcədə asılı vəziyyətdədir, amma buna rəğmən ölkənin Qərbə yönəlməsi və Paşinyanın həm Rusiya, həm də Qərblə balanslı siyasət aparmağa çalışması Moskvanın maraqlarına uyğun gəlmir.
Ekspertin sözlərinə görə, Rusiya Ermənistanı hər zaman özünün Cənubi Qafqazdakı əsas dayaqlarından biri kimi görüb və bu siyasəti davam etdirmək niyyətindədir. Bu baxımdan, Rusiyanın həm Qarabağ məsələsində, həm də Ermənistan daxilində baş verən siyasi proseslərdə müəyyən təsir göstərməyə çalışdığı hiss olunur. Baxmayaraq ki, 44 günlük Vətən müharibəsi zamanı Rusiya birbaşa hərbi müdaxilə etmədi və əsasən diplomatik fəaliyyətlə kifayətləndi, yenə də bəzi rus dairələri Qarabağ məsələsinə fərqli yanaşma sərgiləməyə davam edir. Bəzən Qarabağı ayrıca bölgə kimi təqdim etməyə və ya Ermənistanla əlaqələndirməyə çalışan fikirlər səsləndirilir ki, bu da təbii olaraq Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərir. Azərbaycan isə 44 günlük müharibədə öz mövqeyini qəti şəkildə ortaya qoydu, hərbi və siyasi yolla torpaqlarını geri qaytardı və beynəlxalq səviyyədə öz gücünü nümayiş etdirdi. Rusiyanın bəzi media orqanlarında, xüsusilə də Birinci kanalda yayımlanan müəyyən materiallar və Azərbaycan xəritəsi ilə bağlı ortaya çıxan məsələlər də Azərbaycanda Rusiyanın bəzi siyasi dairələrinin ölkəmizə qarşı məkrli münasibətdə olduğu fikrini gücləndirir. Digər tərəfdən, Rusiyanın Ermənistanda keçiriləcək parlament seçkilərində müxalif qüvvələri və revanşist dairələri dəstəkləməyə çalışdığı ilə bağlı fikirlər də var. Bu isə birbaşa Paşinyan hakimiyyətinə qarşı yönəlmiş addım kimi qiymətləndirilir. Çünki Paşinyan balanslı siyasət aparmağa çalışır və Moskva onu tam şəkildə öz maraqlarına uyğun siyasi fiqur hesab etmir. Buna görə də Rusiyanın Ermənistanda özünə daha yaxın qüvvələri hakimiyyətə gətirmək istədiyi ilə bağlı iddialar səsləndirilir.
"O ki qaldı 2022-ci ildə imzalanmış müttəfiqlik və tərəfdaşlıq bəyannaməsinə, məncə burada ciddi problem yaranacağını düşünmürəm. Azərbaycan və Rusiya qonşu dövlətlərdir və onların müəyyən sahələr üzrə əməkdaşlıq etməsi, müqavilələr imzalaması və münasibətləri konkret maddələr əsasında tənzimləməsi normal haldır. Bu sənədlər dövlətlərarası münasibətlərin hüquqi çərçivəsini müəyyənləşdirir və tərəflərin qarşılıqlı maraqlarına xidmət edir. Amma ümumi mənada Rusiyanın Azərbaycan siyasəti hər zaman bəlli olub. Azərbaycanın Cənubi Qafqazda güclənməsi, enerji sahəsində mühüm aktora çevrilməsi, Avropa üçün strateji tərəfdaş rolunu artırması və dünya siyasətində nüfuz qazanması təbii ki, Rusiyanın maraqlarına tam uyğun deyil. Bu səbəbdən də regionda müəyyən siyasi gərginliklərin və rəqabətin davam etməsi gözləniləndir", - deyə siyasi şərhçi vurğulayıb.
Səidə Ramazanova