Avropadan "müstəqil siyasət" həmləsi: Stubbun Rusiya mesajı nə anlama gəlir? – ÖZƏL
16:31 SiyasətFinlandiya prezidenti Alexander Stubb bildirib ki, Avropa ölkələrinin Rusiya ilə birbaşa dialoqa başlamasının vaxtı çatıb. O, "Corriere della Sera"ya müsahibəsində qeyd edib ki, ABŞ siyasəti Avropanın maraqlarına uyğun olmazsa, Avropa özü təşəbbüs göstərməlidir. Stubb əlavə edib ki, bu addımlar "Böyük beşlik", Skandinaviya və Baltikyanı ölkələrlə koordinasiyalı şəkildə atılmalıdır.
"Hazırda dünyada ciddi bir yenilənmə prosesi gedir. Bu baxımdan dünyanın böyük güc mərkəzləri öz aralarında həmin razılaşmaları və bölgüləri yenidən gözdən keçirirlər. Yeni anlaşmaların və yeni yanaşmaların meydana çıxdığı bir gerçəklik yaşanır. Bu baxımdan Avroatlantik məkan indiyədək əsasən birlikdə hərəkət edib. Amma yeni dünya düzəni ilə bağlı artıq onların da fərqli maraqları, fərqli strategiyaları formalaşmağa başlayır. Konkret olaraq ABŞ və Avropa bəzi məsələlərdə uzlaşsalar da, bir sıra məsələlərdə fərqli mövqelər nümayiş etdirirlər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçinin sözlərinə görə, Rusiya məsələsində də görünən odur ki, Amerika bu gün müəyyən mənada yenidən Rusiya ilə anlaşmaq və uzlaşmaq istəyir. Amma bu prosesdə Avropanı ya görmür, ya da onun rolunu əvvəlki qədər önəmli hesab etmir. Ona görə də Finlandiya prezidenti Avropadakı müttəfiqlərinə mesaj verməyə çalışır ki, əgər Amerika bir çox makroprosesləri və geosiyasi həmlələri bizim iştirakımız, razılığımız və maraqlarımız nəzərə alınmadan həyata keçirirsə, biz də bunu edə bilərik və ya etməliyik. Artıq mümkündür ki, Monroe doktrinasına qayıdan ABŞ tədricən həm Avropadan, həm də ümumilikdə qlobal proseslərdən müəyyən qədər uzaqlaşsın. Bu baxımdan Rusiya ilə münasibətlər məsələsi əslində Avropanın əsas problemlərindən biridir. Onlar ya Rusiya ilə uzlaşmalı, ya da qarşıdurmanı davam etdirməlidirlər. Çünki tərəflərin maraqları bir çox məqamlarda toqquşur. Eyni zamanda bəzi məsələlərdə onların ortaq maraqları da mövcuddur.
Ekspert bildirib ki, xüsusilə enerji məsələsində Avropanın Rusiyadan ciddi asılılığı var idi. Hazırkı şəraitdə onlar bundan imtina ediblər və əvəzində daha bahalı enerji resursları almağa başlayıblar. Digər tərəfdən isə Rusiyanın strateji hədəflərində Avropanın maraqlarına toxunan ciddi məqamlar mövcuddur. Buna görə də tərəflər nəyi necə bölüşəcəklərini, hansı məsələlərdə anlaşacaqlarını və hansı məsələlərdə qarşıdurmanın davam edəcəyini müəyyən etməlidirlər. Məsələn, Ukrayna məsələsində bu gün Avropa ilə Rusiya açıq münaqişə vəziyyətindədir. Amma istisna deyil ki, gələcəkdə Baltikyanı ölkələr, Polşa, hətta Finlandiyanın özü ilə bağlı da Rusiyanın müəyyən məqsədləri və ya iddiaları ortaya çıxa bilər. Yəni geosiyasi baxımdan Avropa ilə Rusiya arasında bir çox məsələlər hələ də tam aydınlaşdırılmayıb. Məncə, Stubb da məhz bunu nəzərdə tutur və hesab edir ki, Avropa bu məsələlərdə ABŞ-dən müəyyən qədər müstəqil şəkildə hərəkət edə bilər. Ancaq Ukrayna müharibəsi davam etdiyi müddətdə tərəflərin bir masa arxasına oturmağa hazır olduqları görünmür. Nə Rusiya Avropa ilə, nə də Avropa Rusiya ilə hazırda anlaşmaq niyyətindədir. Hər iki tərəf Ukrayna savaşının nəticəsini gözləyir və üstün tərəf kimi danışıqlara getmək istəyir.
Səidə Ramazanova