İlham Əliyevin Zəngilan şəhərində çıxışı zamanı verdiyi mesajlar dünya mətbuatında geniş müzakirə edilir- ÖZƏL

"Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə səfəri zamanı etdiyi hər bir çıxışı mühüm çağırışları, mesajları ilə zəngindir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Hazırda cənab İlham Əliyevin Zəngilan şəhərində çıxışı zamanı verdiyi mesajlar dünya mətbuatında geniş müzakirə edilir. Ölkə Prezidenti  30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirlərinin həyata keçirildiyi, həmçinin postmünaqişə dövrünün reallıqlarını geniş təhlil edərək bu əminliyi ifadə etdi ki, bütün bu şanlı tarix bizimlə əbədi olacaq. Təbii ki, bizim nəsil bunu heç vaxt unutmayacaq, gənc nəsil isə bunu bilməlidir.  Bu parlaq tariximiz bizim qürur mənbəyimizdir, bu, əbədi belə olacaq".

Malik Həsənov qeyd edib ki, cənab İlham Əliyev sakinlərlə görüşündə işğal dövründə keçmiş köçkünlərlə dövlət xətti ilə yeni inşa edilmiş şəhərciklərdə görüşləri zamanı verdiyi vədlərə və onların hazırda reallığa çevrilməsinə də diqqəti yönəltdi: "Dövlətimizin başçısı həmin görüşlərdə əminliklə bildirirdi ki, bu, müvəqqəti bir yerdir. Torpaqlar azad olunandan sonra onlar üçün daha gözəl şərait yaradılacaq. Bu gün Cəbrayılın, Zəngilanın timsalında keçmiş məcburi köçkünlər üçün yaradılan şəraitin çox yüksək səviyyədə olduğunu görür və bundan böyük qürur hissi keçiririk. Qarabağımız, Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Onu da qeyd edək ki, azad edilmiş ərazilərimizdə tikilib istifadəyə verilən üç beynəlxalq hava limanından biri Zəngilandadır. Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Milli Şəhərsalma Forumlarından birinə Zəngilan şəhəri ev sahibliyi etdi. Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Hədəf Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirməkdir. Azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi - "Dost Aqropark" məhz Zəngilanda yaradılıb. Birinci yaşayış məntəqəsi Zəngilanın Ağalı kəndində qurulub. Ağalı kəndi "ağıllı kənd" layihəsi çərçivəsində qurulan ilk  kəndddir. Görülən işlərin miqyası olduqca genişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31