Zəngilandan dünyaya verilən mesaj xüsusi məna kəsb edir- ÖZƏL
12:27 Siyasət"Prezident İlham Əliyev artıq neçə ildir ki, xalqımız üçün əlamətdar bayram günlərini Qarabağda və Şərqi Zəngəzurda doğma el-obalarına, ata- baba yurdlarına qayıdan soydaşlarımızla birlikdə qeyd edir, onlara dövlətimizin hədiyyəsi olan yeni, müasir, gözəl mınzillərinin açarlarını təqdim edir, onları sevindirir, onların sevincinə şərik olur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Urud deyib: "Bu il də belə oldu. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günündə cənab Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışını etdi, sakinlərlə görüşdü, çıxışında müstəqilliyimizin ilk illərindən keçdiyimiz keşməkeşli yola diqqəti cəlb etdi, yaxın və orta dövr üçün qarşıda duran vəzifələrin yol xəritəsini müəyyən etdi. Zəngilandan verilən mesajlar bir çox cəhətlərinə görə həm bölgənin taleyi üçün, həm də beynəlxalq siyasi konfiqurasiyanın müəyyən edilməsi baxımdan çox əhəmiyyətlidir.
İlk öncə onu qeyd etmək istəyirəm ki, bu mesajların Ulu öndər Heydər Əliyevin ad günündə və Zəngəzur torpağından verilməsi xüsusi məna kəsb edir. Əvvəla, Ulu öndərin ən böyük arzusu törpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması idi. Digər tərəfdən mən qəti əminəm ki, eyni situasiyada Ulu Öndər də eyni cəsarətli və müdrik fikirləri söyləyərdi. Budur siyasi varislik, budur Ulu Öndərin siyasi kursunun davamlılığı!
Zəngəzur şərq-qərb və şimal- cənub dəhlizlərinin kəsişmə nöqtəsidir. Zəngilan rayonu isə Azərbaycanın iki dövlətlə-İran və Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyəti çox böyük olan bölgəsi, üç ölkənin sərhəd qapısıdır.
Zəngəzur bölgənin ən strateji coğrafiyasıdır. Bəlkə də, elə buna görə 1920-ci ildə Sovet hökuməti Zəngəzuru iki yerə parçaladı, süni yolla İranla Ermənistan SSR arasında sərhəd yaratdı, Naxçıvanı və Türkiyəni Azərbaycanın əsas ərazisindən ayırdı.
Çıxışında ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizdə hökm sürən hərc-mərclilik, təsadüfi küçə adamlarının böyük vəzifələrə yiyələnməsi nəticəsində yaranmış siyasi hakimiyyət böhranı, bundan istifadə edən Ermənistanın torpaqlarımızı işğal etməsinin xronologiyasını yada salan cənəb Prezident tarixi qələbəmizin uğur düsturunu da bir daha dünyaya bəyan etdi: güclü dövlət, güclü ordu, güclü siyasi iradə. Bu güclü iradəni Ulu öndər Heydər Əliyevə verən müdrik Azərbaycan xalqı, onun böyük dövlət xadiminə olan sonsuz inamı idi".