Avropa Parlamenti ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı "cəzalandırmaq" istəyir-Deputat
11:41 Siyasət"Təxminən 30 il ərzində ATƏT-in Minsk qrupu diplomatik uğursuzluğun və ikiüzlülüyün simvoluna çevrilmişdi. İndi isə AŞPA və Avropa Parlamenti kimi institutlar ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı "cəzalandırmaq" istəyir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bugünkü plenar iclasındakı çıxışında deyib: "Öncə qeyd edim ki, Prezident İlham Əliyevin Zəngilanda etdiyi çıxış sadəcə bir nitq deyil, köhnə beynəlxalq diplomatiya sisteminə verilmiş siyasi hökm idi. Ümummilli Lider Heydər Əliyevin doğum günündə xalqa müraciət edən dövlət başçısı açıq şəkildə göstərdi ki, Azərbaycan artıq öz təhlükəsizliyinin və regional gələcəyinin şərtlərini özünün müəyyən etdiyi mərhələyə keçib. ATƏT-in Minsk qrupunun artıq rəsmi şəkildə ləğv olunaraq de-yure fəaliyyətini dayandırdığı bir vaxtda açıq demək olar ki, onun məqsədi heç vaxt münaqişəni həll etmək olmayıb. Həmsədrlər yalnız vəziyyəti dondurmağa və işğalı legitimləşdirməyə çalışır, xalqımıza isə guya bu münaqişənin "hərbi həlli yoxdur" fikrini təlqin edirdilər. Bu, psixoloji təzyiq forması idi. Otuz il davam edən "diplomatik turizm" dövründə vasitəçilər bölgəmizdən işğalçı qüvvələrin bir əsgərini belə çıxarmadılar. Şəhərlərimiz yer üzündən silinərkən, məscidlərimiz xarabalığa çevrilərkən onlar susurdular".
Deputatın fikrincə, Prezidentin bəyanatına xüsusi kəskinlik verən məqam ləğv edilmiş qrupun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın nüvə dövlətləri, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olması idi: "Dünyada böyük gücə malik olmalarına baxmayaraq, onlar otuz il ərzində öz qəbul etdikləri qətnamələri belə görməzlikdən gəldilər. Biz beynəlxalq hüquqa münasibətdə açıq selektiv yanaşma ilə üz-üzə qaldıq: böyük dövlətlər yalnız öz geosiyasi maraqlarına uyğun gələn qərarların icrasını təmin edirlər. 2020-ci ildə Azərbaycan dünya miqyasında presedent yaratdı - biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını silahlı güc və siyasi iradə hesabına təkbaşına təmin etdik. Məhz buna görə də bu gün AŞPA və Avropa Parlamenti kimi institutlar absurd qətnamələr qəbul edərək və sanksiyalar tətbiq etməyə çalışaraq bizi "cəzalandırmağa" cəhd göstərirlər".
Hazırda Zəngilanda xarabalıqların yerində yeni geoiqtisadi qovşaq qurulduyğunu xatırladan T.Gəncəliyev bildirib ki, Prezident bu rayonun beynəlxalq nəqliyyat habına çevriləcəyini bəyan etdi: "Bu yeni memarlığın əsas elementi isə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək Zəngəzur dəhlizi olacaq. Bu, bizim şərtlərimizlə qurulan sülhdür. Biz artıq bizə status-kvonun diktə edilməsinə imkan verməyəcəyik. Cənubi Qafqazın xaricdən idarə olunması dövrü başa çatıb. Azərbaycan sübut etdi ki, ədalət sözlə deyil, əməli addımlarla bərpa olunur. Dünyaya mesajımız son dərəcə aydındır: biz sülhə hazırıq, əməkdaşlıq gündəliyi təklif edirik, lakin Ermənistanda revanşizm ideyaları yaşadığı müddətdə ayıq-sayıq qalacağıq. Zəngilan bu gün öz torpağına dağıtmaq üçün deyil, qurmaq üçün qayıdan qanuni sahibin simvoludur".