Zəngilandan revanşistlərə mesaj- ÖZƏL
11:28 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə dünənki görüşündə: "Nə qədər ki Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq", - dedi. Bəli, biz ayıq olmalıyıq. Üstəlik onu da unutmamalıyıq ki, Ermənistandakı siyasi qüvvələrin demək olar ki, hamısının Azərbaycana yanaşmaları və gələcəklə bağlı planları eynidir, sadəcə ritorika fərqlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Nikol Paşinyanın komandasındakıların - məsələn, Alen Simonyanın, Armen Qriqoryanın, Ararat Mirzoyanın ən kəskin dillə tənqid etdikləri revanşistlərdən çox da fərqləndiklərini düşünmürəm. Onların Qərbdəki havadarlarıyla görüşlərdə səsləndirdikləri fikirlərdən də bu, açıq-aydın görünür. Aralarındakı fərq, bayaq qeyd etdiyimiz kimi, ritorikalarında, bir də kimin qanadı altında öz niyyətlərini reallaşdırmaq istəmələrindədir.
Karapetyan, Köçəryan və digərləri öz revanşist məqsədlərinə yenə də Rusiyanın yardımı ilə çatmağa hazırlaşdıqlarını gizlətmirlər. İndi Ermənistanda hakimiyyətdə olanlar isə öz planlarını Qərbdəki bəlli çevrələrin, Fransa kimi dövlətlərin dəstəyi ilə yavaş-yavaş, sülhdən danışa-danışa reallaşdıracaqlarını düşünürlər.
Ona görə də dünən "Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər"dən söz salarkən, Müzəffər Ali Baş Komandanımız əslində, həm də rəsmi İrəvana xəbərdarlıq edirdi ki, onların dəstəyinə güvənərək revanşizm haqqında düşünürlərsə, yenə 2020-2023-cü illərdə üzləşdikləri reallıqla üzləşəcəklər".