Rus ekspert: Ermənistanın Aİ və Aİİ arasında tərəddüdü təhlükəli qeyri-müəyyənlik yaradır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın MGİMO Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Nikolay Silayev bildirib ki, Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqı (Aİİ), həm də Avropa İttifaqı ilə inteqrasiya kursu yürütməsi Moskva ilə münasibətlərdə təhlükəli qeyri-müəyyənlik yaradır.

NEWS.am-a açıqlamasında ekspert qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın mümkün qədər tez yekun qərar verməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, məqsəd seçkilərə müdaxilə deyil, Ermənistanın Aİİ-dən mümkün çıxış prosesinin iqtisadi baxımdan ağrısız və proqnozlaşdırılan formada həyata keçirilməsidir.

Silayev bildirib ki, Moskva Ermənistan hakimiyyətinin bəyanatları ilə addımları arasında ziddiyyət görür. O, İrəvanda Ukrayna Prezidenti Volodimir Zelenskinin qəbulunu buna nümunə göstərərək, bunu Rusiyaya qarşı qeyri-dost siyasət kimi qiymətləndirib.

Ekspertin fikrincə, Putin Ermənistan xalqı Avropa yolunu seçərsə, "yumşaq və qarşılıqlı faydalı ayrılıq" modelini təklif edir. O vurğulayıb ki, əsas məqsəd Aİİ bazarlarının qorunması üçün təcili birtərəfli addımların atılacağı xaotik vəziyyətin qarşısını almaqdır.

Silayev həmçinin Qərb ölkələri və region dövlətlərinin Ermənistanın parlament seçkilərinə təsir göstərməyə çalışdığını iddia edib. O, xüsusilə Bakının Paşinyana dəstəyinin və "yanlış səsvermə" halında müharibə ritorikasının seçicilərə təzyiq kimi təqdim olunduğunu bildirib. (?) Politoloq əlavə edib ki, Rusiya isə yalnız seçki prosesinin legitim və şəffaf keçirilməsində maraqlıdır.

Ekspert Ukrayna nümunəsinə toxunaraq deyib ki, Kiyevin uzun müddət həm Rusiya, həm də Avropa İttifaqı arasında balans siyasəti yürütməsi daxili parçalanma və iqtisadi böhrana səbəb olub. Onun sözlərinə görə, Ermənistan da bu təcrübədən nəticə çıxarmalı və Rusiya ilə əlaqələrin qırılmasının iqtisadi nəticələrini nəzərə alaraq suveren qərar verməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31