Atəşkəs BİTDİ: Rusiya Kiyev və Dnepri BOMBALADI - Ölənlər var
10:37 SiyasətABŞ prezidentinin iştirakı ilə Rusiya və Ukrayna arasında elan edilmiş üçgünlük atəşkəs rejimi başa çatıb.
Musavat.com xəbər verir ki, mayın 12-nə keçən gecə Rusiyaya məxsus zərbə pilotsuz uçuş aparatlarının (PUA) hücumu səbəbindən Kiyevdə və Ukraynanın bir sıra digər vilayətlərində hava həyəcanı siqnalı verilib.
Kiyev hakimiyyətinin məlumatına görə, paytaxtın Obolon rayonunda dron qalıqları 20 mərtəbəli yaşayış binasının damına düşüb.
"Dəqiqləşdirilmiş məlumata görə, Obolonda PUA qalıqlarının 16 mərtəbəli binanın damına düşməsi nəticəsində yanğın baş verib. Yanğın söndürülüb, binanın texniki mərtəbəsinin dam örtüyünə ziyan dəyib. Digər dağıntı yoxdur. Hazırda tibbi yardım üçün müraciət edən olmayıb", - Kiyev meri Vitali Kliçko "Telegram" kanalında bildirib.
Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik isə qeyd edib ki, mayın 12-nə keçən gecə Rusiya hərbçiləri Kiyev vilayətinin yaşayış məntəqələrinə də hücum edib. Onun sözlərinə görə, Fastov rayonunda hücum nəticəsində uşaq bağçasına ziyan dəyib, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərələri sınıb, iki fərdi ev zədələnib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja Rusiya hərbçilərinin Dnepr şəhərinə hücum etdiyini bildirib. O qeyd edib ki, hücum nəticəsində yanğın baş verib və nəqliyyat infrastrukturuna ziyan dəyib.
Qanjanın verdiyi məlumata görə, cəbhəyanı Sinelnikov rayonunda bir kişi həlak olub. Ukrayna rəsmiləri bu rayonun üçgünlük atəşkəs rejimi zamanı da atəşə tutulduğunu bildirirlər. Hücum nəticəsində fərdi evlər zədələnib, dörd nəfər yaralanıb. Vilayət rəhbəri Dnepropetrovskun beş rayonunda ümumilikdə 20-dən çox hücumun qeydə alındığını vurğulayıb.