Makronun "kiçik bacı"nı Rusiyanın əlindən almaq istəyi- ÖZƏL

"Fransa Prezidentinin Ermənistandakı çıxışlarında ən çox qabardılan "kiçik bacı"nı Rusiyanın əlindən almaq və ondan qorumaq istəyi idi.  Qafqazda bölücü xətlər çəkmək cəhdi təsiri bağışlayan Ermənistan-Avropa İttifaqı sammitinin də anti-Rusiya xarakteri daşıdığı görüntüsü yaradılır. Hətta Makronun Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi Gümrüyə səfəri də Moskvaya meydan oxumaq kimi şərh edilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Doğrudanmı hər şey göstərilən kimidir? Mən tam qətiyyətlə deyirəm ki, xeyr. Səbəbini açıqlamazdan əvvəl, gəlin müsyö Makronun Ermənistanda Rusiya əleyhinə səsləndirdiyi fikirlərlə tanış olaq: 
"1.Düzünü desək, səkkiz il əvvəl bura heç kim gəlməzdi. Səkkiz il əvvəl bu ölkə danışıqlar masasında faktiki olaraq Rusiyanın peyki hesab olunurdu. 
2.Uzun müddət Ermənistan Rusiyadan asılı kimi qəbul edilirdi. Amma chr("39")"məxməri inqilab"dan sonra bu kursu dəyişmək üçün cəsarətli qərarlar verildi.
3. 21-ci əsrdə Ermənistan Rusiyadan müstəqilliyə, Avropaya, sülhə və firavanlığa can atan bir ölkədir. Hər kəs alışmışdı ki, Cənubi Qafqaz həmişə kiminsə müdafiəsi altında olmalıdır və Rusiya regionun qarantı olmalıdır. Lakin 2020-ci il müharibəsi və ondan sonrakı hadisələr göstərdi ki, bu, bir çoxlarının xəyal etdiyi müdafiə deyil. 
4. Biz gördük ki, Rusiya Ermənistanı taleyin ümidinə buraxdı və gözləntilərin reallığa uyğun gəlmədiyini anladıq. Geosiyasi kontekstdən göründüyü kimi, Rusiyaya çox ehtiyac duymamaq daha yaxşıdır. Biz buna İran, Mali rejimi və ya Rusiyanın öz tarixi müttəfiqləri Venesuela və Suriya nümunəsində bir daha əmin olduq; problemlər yarananda Rusiya orada deyildi".
Bütün bunlar Fransa Prezidentinin Ermənistanda etdiyi çıxışlar və verdiyi açıqlamalar zamanı səsləndirdiyi fikirlərdir. Amma ilk baxışda yenə Rusiya əleyhinə olduğu təsiri bağışlayan daha bir açıqlaması var ki, onun Ermənistana yanaşmada əsl məqsədi və "kiçik bacını" kimdən qorumaq istədiyi buradan aydın görünür. Baxın, Fransa Prezidenti nə deyir: "Ermənistan ərazisində hələ də 4000 Rusiya əsgəri və 1000-dən çox sərhədçisi var. Ona görə də Avropa bu ölkəyə öz sərhədlərini daha müstəqil şəkildə qorumağa kömək etmək üçün məsuliyyəti üzərinə götürməlidir". 
Yaxşı, tutaq ki, Avropa bu populist çağırışa cəld reaksiya verdi və Ermənistanın sərhədlərini özünün qoruya bilməsi üçün nə lazımdırsa etdi, bəs digər məsələ? Müsyö Makron sərhədçilərin əvəzlənməsindən danışsa da, Gümrüdəki o 4 min Rusiya əsgəri haqda nədən heç nə demir? Səbəb budur ki, o, Rusiyaya Ermənistanda birgə mövcudluq təklif edir. Yəni oranı şərikli forposta çevirmək niyyətlərini ortaya qoyur. Öz çıxışlarında təkcə Ermənistanı deyil, digər müttəfiqlərinə də istənilən yardımı göstərə bilmədiyi xatırladılmaqla, onun artıq belə bir öhdəliyə təkbaşına əməl edə bilmədiyi, yanında kiminsə varlığına ehtiyac duyduğu vurğulanır. Yəni "hay məsələsi"nin 1878-ci il Berlin konqresində nəzərdə tutulduğu kimi birgə istismarı təklif edilir. 
Ona görə də mən bu fikirdəyəm ki, Fransa Prezidentinin "kiçik bacını" Rusiya ilə birgə qorumaq planına ən böyük zərbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa Siyasi Birliyinin sammitində videoformat çərçivəsində etdiyi çıxışı və eyni gündə Türkiyə ilə Ermənistan arasında sərhəddə yerləşən tarixi Ani körpüsünün birgə bərpası üzrə işlərin həyata keçirilməsi haqda protokolun imzalanması idi. İki qardaş dövlət bu sammit öncəsi atdıqları addımla da, sammit çərçivəsində ortaya qoyduqları mövqe ilə də göstərdilər ki, burada Ermənistanı kimdənsə qoruyan varsa, əslində onlar elə müsyö Makronun ad çəkmədən təhdid mənbələri kimi təqdim etməyə çalışdıqlarıdır. Əgər qarşıdakı seçkidə Nikol Paşinyanın mövqelərinin güclənməsinə dəstək kimi qiymətləndiriləcək praktiki addımlardan söhbət gedirsə, onu da yenə Azərbaycanla Türkiyə atıb və atırlar. Çünki Ermənistan bizim regionda yerləşir və biz bu regionda sülh istəyirik, həm də təkcə istəmirik,  onu təmin də edirik. Makronun Gümrüdə çıxardığı "konsertə" və təşəbbüsçüsü olduğu sammitlərə gəldikdə, bu, özünüpiardan başqa bir şey deyildi. 
İrəvandakı tədbir başa çatar-çatmaz Bakıya gələn Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da, məncə, bunun yaxşı fərqində olanlardandır. Xanım Kallasın Bakı səfərində "insan hüquqları üzrə açıq və səmimi dialoq"un da olduğu vurğulanır. Buna doğrudan da böyük ehtiyac var, çünki nədənsə onun təmsil etdiyi qurumda, özəlliklə də son zamanlar insan haqları deyəndə ancaq Qarabağdan özləri çıxıb gedənlər və çay içməyi arzuladıqları Bakıya gətirilən müharibə cinayətkarları, bir də muzd qarşılığında dövlətimizin üstünə qısqırdılanların adları hallandırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31