: Avropa Şurasının İrəvan toplantısı nə vəd edir?

Avropa Siyasi Şurası çərçivəsində 4 mayda İrəvanda keçiriləcək toplantının əsas məqsədi Avropa ölkələri arasında siyasi dialoqu gücləndirmək və aktual regional problemləri müzakirə etməkdir. Aktual regional problemlərin müzakirəsi üçün məkan kimi Ermənistanın seçilməsi bir az şübhəli görünsə də bu ölkədə seçkilərin keçiriələcəyini nəzərə alsaq əsil məqsədin nə olduğu aydın olur. Nəzərə almaq lazımdır ki, bu platforma Avropa İttifaqına üzv və qeyri-üzv ölkələri bir araya gətirərək  Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesi, enerji təhlükəsizliyi, alternativ marşrutlar və resursların şaxələndirilməsi, nəqliyyat, iqtisadi əlaqələr və sərhədlərarası layihələr və ən nəhayət  Avropanın ümumi təhlükəsizlik arxitekturası və digər beynəlxalq böhranlar kimi mühüm məslələr müzakirə ediləcək. Müzakirə ediləcək məsələlərin geniş çeşidliyi Ermənistanın söz sahibi olması iddiasını arxa plana keçirir. Deməli, tədbirin İrəvanda keçirilməsi Ermənistanın regionda diplomatik rolunu artırmaq və tərəflər arasında dialoqa ev sahibliyi etmək niyyətini göstərir. Belə ki, Avropa Siyasi Şurasının İrəvanda keçirilən 4 may toplantısı əsasən yüksək səviyyəli liderlərin iştirakı ilə siyasi dialoq platforması kimi nəzərdə tutulur. Bu görüşlərdə adətən Avropanın 40-dan çox ölkəsinin rəhbərləri və ya yüksək vəzifəli nümayəndələri iştirak edir. 

Şübhəsiz ki, görüşün ölkəmiz üçün maraqlı tərəfi Azərbaycan-Ermənistan münasibətləri ilə bağlıdır. Başqa sözlə, Avropa İttifaqına üzv ölkələrin liderləri, Aİ-yə daxil olmayan Böyük Britaniya, Türkiyə, Norveç kimi ölkələrin və Avropa İttifaqı rəhbərliyinin,  Avropa Şurası və digər beynəlxalq qurumların nümayəndələrinin qatılacağı tədbirin Sülh Sazişinə verə biləcəyi töhfə ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Münasibətlərin nizama salınması məqsədilə vasitəçi kimi çıxış edən Fransa, Almaniya kimi ölkələrin liderlərinin tədbirdə iştirak etməsi diqqəti bir az da artırır. İlkin məlumata əsasən, görüşdə Sülh sazişinin perspektivləri, sərhədlərin delimitasiyası və regionda uzunmüddətli sabitlik əsas müzakirə mövzularından olacaq. Əslində Avropa ölkələri çox gözəl anlayırlar ki, bu məsələ olmadan  Avropanın enerji təhlükəsizliyi, alternativ qaz marşrutları, Cənubi Qafqazdan keçən layihələr və logistika dəhlizləri məsələlərinin müzakirəsi qeyri-mümkündür. Ancaq nəzərə alınmalıdır ki, bu görüş konkret hüquqi qərarlar qəbul edən sammit deyil. Onun əsas funksiyası liderlər arasında birbaşa dialoq yaratmaq, münaqişələrin yumşaldılması üçün siyasi impuls vermək, qapalı görüşlərdə kompromis imkanlarını müzakirə etməkdən ibarətdir. Yəni, İrəvan toplantısı daha çox "danışıqlar üçün platforma" rolunu oynayır. Xüsusilə, Azərbaycan və Ermənistan liderlərinin eyni məkanda olması, qeyri-rəsmi görüşlər və vasitəçilərlə təmaslar üçün imkan yaradır. Odur ki, Avropa Siyasi Şurası çərçivəsində İrəvanda keçirilən belə görüşlər birbaşa sülh sazişi imzalamasa da, prosesə dolayı, amma real təsir göstərə bilər.

Belə ki, Azərbaycan və Ermənistan rəhbərlərinin eyni platformada olması qapalı və qeyri-rəsmi görüşlər üçün şərait yaradır. Bu tip kontaktlar bəzən rəsmi danışıqlardan daha çevik olur və konkret məsələlərdə irəliləyişə səbəb ola bilir. Avropa İttifaqı və aparıcı Avropa ölkələri prosesə dəstək verərək tərəfləri kompromisə yaxınlaşmağa təşviq edir. Bu, həm diplomatik təzyiq, həm də stimullaşdırma (məsələn, iqtisadi əməkdaşlıq vədilə) formasında ola bilər. Məlum olduğu kimi uzunmüddətli münaqişələrdə əsas problemlərdən biri qarşılıqlı inamsızlıqdır. Belə platformalar isə ritorikanın yumşaldılmasına, kommunikasiya kanallarının açıq qalmasına kömək edir. Nəticədə sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması kimi texniki mövzular üzrə razılaşmalar üçün siyasi çərçivə formalaşır. Sülh prosesi gündəmdə qalır və bu, tərəflərin prosesi uzatmasına maneə olur. Bu tədbir daha çox "sürətləndirici və katalizator" rolunu oynayır. Yəni sülh sazişini özü yaratmır, amma, dialoqu aktiv saxlayır, kompromis üçün şərait yaradır, siyasi iradəni gücləndirə bilər.

Avropa Siyasi Şurasının İrəvanda keçirilən toplantısı Ermənistan daxilində siyasi proseslərə, o cümlədən mümkün parlament seçkilərinə dolayı təsir göstərə bilər.  Amma bu təsir birbaşa və həlledici olmur. Bütün hallarda toplantı Ermənistan hökuməti, xüsusilə də Nikol Paşinyan üçün diplomatik "bonus" rolunu oynaya bilər. Konkre olaraq, Avropa liderlərinin İrəvana gəlməsi hakimiyyətin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Hakimiyyət bunu "Ermənistanın beynəlxalq arenada çəkisinin artması" kimi təqdim edə bilər. Əgər görüşlərdə Azərbaycanla dialoqda müsbət siqnallar olsa, Paşinyan bunu seçki kampaniyasında "sülh gətirən lider" kimi istifadə edə bilər. Görüşlərdə Ermənistan üçün güzəşt kimi görünən məqamlar müzakirə olunsa, hakimiyyət "təslimçi siyasət"də ittiham oluna bilər. Real məticə əldə olunmasa müxalifətin bunu "boş diplomatiya" kimi təqdim edəcəyi şübhəsizdir. Deməli, bu tədbirin Ermənistanda keçiriləcək seçkiyə təsiri əsasən nəticələrdən asılı olacaq. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31