Avropa İttifaqının Ermənistan sevgisi

Yaxud, yeni missiya seçkiləri nəzarətə götürür 

Avropa İttifaqı xarici işlər nazirləri Ermənistanda hibrid təhdidlərlə-seçki proseslərinin xarici manipulyasiyası, kiberhücumlar və qanunsuz siyasi maliyyələşdirmə ilə mübarizə aparmaq üçün İrəvana kömək etmək məqsədilə yeni mülki missiyanın başlamasına yaşıl işıq yandırıb. Missiya yaxın aylarda fəaliyyətə başlayacaq, iki illik mandata malik olacaq və Ermənistan Respublikasında Avropa İttifaqı Tərəfdaşlıq Missiyası (EUPM Ermənistan) adlanacaq. Xatırladaq ki, Ermənistan ötən ilin dekabr ayında Avropa İttifaqından missiya göndərməsini xahiş etmişdi. Brüsseldə və Ermənistanda müzakirələrdən sonra blokun səfirləri ötən həftə missiyanın yaradılması təklifinə yekdilliklə səs vermişdilər. EUPM Ermənistan, əsasən, Ermənistan və Azərbaycan arasındakı sərhədi izləmək üçün 2023-cü ildə yaradılmış başqa bir Aİ missiyasını - EUMA-nı əvəz edəcək. Onun dörd illik mandatı 2027-ci ilin əvvəlində başa çatır. 200-dən çox üzvü var və Ermənistanın sərhəd bölgələrində sabitliyə töhfə vermək və patrul və hesabat vasitəsilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləmək üçün yaradılıb. Bu arada, yeni missiyada əsasən paytaxtdakı Ermənistan hakimiyyəti ilə sıx əməkdaşlıq edəcək 20-30 nümayəndənin olması gözlənilir. Maraqlıdır, Avropa İttifaqının Ermənistanda iki paralel missiyasının fəaliyyət gösrtərməsi hansı zərurətdən doğur?
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev qeyd edib ki, hazırda Ermənistanda Avropa İttifaqının bir missiyası fəaliyyətdədir. OYMA (Obyektiv Yenilənmə və Monitorinq Alyansı) monitorinq missiyası Ermənistandadır: "Funksiyası dəqiq olmayan, bəlli olmayan bir missiyadır. Elə erməni mətbuatında da onların fəaliyyəti ilə bağlı məlumatlar gedib ki, bunlar əsasən otellərdə, saunalarda istirahət edirlər. Çünki missiyanın və yaxud missiya üzvlərinin (bunlar 200 nəfərdən çoxdur, bunların 40 milyon avroluq bir büdcəsi var) bir əməli fəaliyyəti yoxdur. Əgər son iki ildə, xüsusilə 2025-ci ildən bəri Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəs yoxdursa, insan tələfatı yoxdursa, yaralanma halları yoxdursa, bu, Azərbaycanın yaratdığı yeni siyasi reallıq, yeni status-kvo və sülh gündəliyinin nəticəsində formalaşıb. Bu sülh gündəliyini bu gün Ermənistanın baş naziri əlində əsas götürərək parlament seçkilərinə gedir  və seçkini udmaq niyyətindədir. Onun seçki kampaniyasının əsasında Azərbaycanın yaratdığı yeni siyasi reallıq və sülh gündəliyi dayanır. Belə bir şəraitdə hələ bu missiya sənədlərə görə 2027-ci ildə fəaliyyətini başa vuracaq. Lakin artıq paralel bir missiya elan olundu, bu missiya OYP (və yaxud OIPA -Ortada İştirak və Partnyorluq Alyansı) adlanır, yəni tərəfdaşlıq missiyası. İlkin məlumatlarda bu missiyanın sayının azaldılması bildirilir. Burada iştirakçıların sayının 20-30 arasında olması, büdcəsinin bir az aşağı olduğu qeyd edilir və fəaliyyəti ilə bağlı bir neçə istiqamət göstərilir. Bu istiqamtlərdən biri hibrid təhdidlərlə mübarizədir. Hibrid təhdidlər deyəndə Ermənistandakı siyasi proseslərə, xüsusilə seçkiyə kənar müdaxilənin qarşısının alınması, hibrid təhlükəsizlik və qanunsuz maliyyələşmə nəzərdə tutulur. Açıqlanan məhdud informasiya bunu özündə ehtiva edir. Əgər yeni missiya hazırda fəaliyyətdə olan OYMA-nı əvəz edəcəksə, bununla da bağlı suallar yaranır. Çünki  kiçik, Avropa İttifaqı ilə sərhədi olmayan bir ölkədə iki paralel missiyanın funksiyası nədən ibarət ola bilər? Bunun digərinin içində hətta əriməsi ilə bağlı suallar ortaya çıxır".
Millət vəkilinin sözlərinə görə, səfirlər səviyyəsində aparılan müzakirələrə artıq  nazirlər də qərar verdilər. Bununla da yaşıl işıq yandırıldı ki, bu missiya fəaliyyətə başlasın:  "Amma maraqlı paralel bir informasiya yayıldı. Kaja Kallas tərəfindən də gündəmə gətirildi ki, Avropa İttifaqı 2025-ci ildə Qara dəniz strategiyası qəbul edib. Və bu Qara dəniz strategiyasında əsas ölkələr Türkiyə, Ermənistan,  Azərbaycandır. Həmin strategiyaya görə, Zəngəzur dəhlizi, TRACECA marşrutu vasitəsilə Asiya və Mərkəzi Asiya ilə münasibətlər ön planda dayanır. Burada Gürcüstanın adı çəkilmir, hansı ki, Gürcüstan üzərindən olan koridor  fəaliyyətdədir. Deməli bu başqa bir istiqamətdir və Avropa İttifaqı regiona "Qlobal Keçid" təşəbbüsü ilə (Global Gateway) gəlir. Bu onların bir neçə il əvvəl elan olunmuş 400 milyard avro dəyərində, əsasən infrastruktur, nəqliyyat-logistika sahəsində olan bir strateji alətidir. Artıq Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın  Bakıya səfərindən sonra Azərbaycan da həmin o strategiyaya daxil edildi. Qeyd edim ki, Koştanın səfəri çərçivəsində Avropa İttifaqı ilə münasibətlərimiz enerji sahəsi ilə yanaşı digər sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldı. Bu çox mühüm bir məsələdir.
Xüsusilə bu ilin birinci rübündə ABŞ-dan sonra Avropa İttifaqı ilə münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması müsbət dəyərləndirilir və burada da prioritet sahələr elan olunub. İlkin layihələrdən biri Naxçıvanın dəmir yolu şəbəkəsinin müasirləşdirilməsi, açıq hissələrin tikilməsidir. Artıq həmin  "Qlobal Keçid" təşəbbüsü çərçivəsində o dəmir yolunun iqtisadi-texniki əsaslandırılması məsələsi həyata keçirilir.
Deməli Qara dəniz strategiyası çərçivəsində Cənubi Qafqazla münasibətlər, buradan Mərkəzi Asiyaya uzanan yol və iqtisadi məsələlər nəzərdə tutulur. Bu çox sürətlə deməli həyata keçirilmək üzrədir. Belə halda sözügedən missiya Ermənistanın müraciəti əsasındadırsa, seçkiyə yönəlik nəzərdə tutulursa, bunu haradasa Moldova təcrübəsindən çıxış edərək başa düşmək olar. Amma bu missiyanın da iki il müddətində olması artıq kifayət qədər suallar doğurur. Əgər seçki iyunun 7-dədirsə missiyanın seçkidən sonra da iki il saxlanılması nəyə xidmət edir?"
R.Nəbiyev qeyd edib ki, may ayının 4-də 47 dövlətinin iştirakı ilə Avropa Siyasi Birliyinin  Ermənistanda zirvə görüşünün keçirilməsi nəzərdə tutlur. Səhərisi gün isə Avropa İttifaqı-Ermənistan zirvə görüşünün keçirilməsi planlaşdırlır: "Bu çox vacib bir məsələdir, çünki ilk dəfədir həm Koşta, həm də fon der Lyayenin rəhbərliyi ilə, digər tərəfdən isə Ermənistan rəsmiləri belə bir zirvə görüşü təşkil edirlər. Belə görüşlər nadir hallarda seçkiqabağı dönəmdə olur ki, hökumətə birbaşa açıq dəstək ifadə olunsun. Bunlar da kifayət qədər güc mərkəzləridir; burada Avropa İttifaqının 27 üzv dövləti və 20 Avropa İttifaqına üzv olmayan dövlət var. Tədbirdə hətta Türkiyənin də prezident səviyyəsində iştirakı ilə bağlı mətbuatda məlumatı gedib. Belə bir şəraitdə, əgər missiyanın fəaliyyəti üçün siyasi dəstək varsa və bu missiya özü 20-30 nəfərdən ibarətdirsə, onun öhdəsində hansı məsələlərin icrasının olacağı sual doğurur". 
Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31