Türk dünyasının yeni erası: TDT siyasi platformadan hərbi güc mərkəzinə çevrilir – ÖZƏL

Əvvəllər əsasən siyasi-iqtisadi əməkdaşlıq platforması kimi çıxış edən Türk Dövlətləri Təşkilatı (TDT) regionda artan müharibə və gərginliklər fonunda getdikcə təhlükəsizlik və geosiyasi koordinasiya mərkəzinə çevrilir. NATO və KTMT daxilində yaranan çatlar, xüsusilə İran ətrafında formalaşan risklər fonunda yeni hərbi əməkdaşlıq modellərini aktuallaşdırır. Lakin TDT hələ tam formalaşmış kollektiv təhlükəsizlik mexanizminə malik deyil və bu, üzv dövlətlər üçün əlavə risklər yaradır. Mövcud şəraitdə "Türk NATO-su" ideyası alternativ deyil, zərurət kimi müzakirə olunur.

"Dünya siyasəti praktikada beynəlxalq hüquqla deyil, daha çox güc amili ilə tənzimlənir. İstər Ukraynada baş verən hadisələr, istər Yaxın Şərqdəki münaqişələr, istərsə də Latın Amerikasında, xüsusilə Venesuelada baş verən proseslər göstərir ki, beynəlxalq münasibətlərdə "güc haqlıdır" prinsipi hələ də aktuallığını qoruyur. Yəni, güclüsənsə, haqlısan - bu yanaşma dünya siyasətində ciddi rol oynayır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu baxımdan qlobal proseslər onu göstərir ki, eyni kökə, eyni mədəniyyətə malik xalqların öz müqəddəratlarını müəyyən etməsi zərurəti artır. Qloballaşma fonunda milli özünüdərk prosesi daha da güclənir. Bu kontekstdə TDT-nin formalaşması dünyada yeni bir güc mərkəzinin yaranması kimi qiymətləndirilə bilər. Məlumdur ki, bu təşkilat geniş coğrafiyanı - təxminən 5 milyon kvadratkilometr ərazini və 200 milyona yaxın əhalini əhatə edir. Eyni zamanda, bu region zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Belə potensial vahid siyasi-iqtisadi platformada birləşərsə, qlobal miqyasda ciddi təsir gücünə malik yeni bir güc mərkəzi formalaşa bilər. Artıq müşahidə olunan proseslər də göstərir ki, Türk Dövlətləri Təşkilatı tədricən daha sıx inteqrasiyaya doğru gedir və gələcəkdə vahid ittifaq modelinə çevrilmək potensialı daşıyır. Bu kontekstdə "Turan İttifaqı" ideyası ayrıca dövlətlərə qarşı yönəlmiş siyasət deyil, daha çox qlobal ədalətin və balansın təmin olunması baxımından irəli sürülür. Müəyyən yanaşmalara görə, mövcud Qərb sivilizasiyası, xüsusilə son yüzillikdə baş verən dünya müharibələri və müasir münaqişələr fonunda, bəşəriyyət üçün risklər yaradıb. Bu səbəbdən alternativ sivilizasiya modelinin formalaşdırılması ideyası irəli sürülür ki, bu da "Turan sivilizasiyası" kimi təqdim olunur. Bu modelin məqsədi daha ədalətli və balanslı beynəlxalq sistemin qurulmasına töhfə verməkdir. Turan İttifaqının formalaşması isə mərhələli - təkamül yolu ilə baş verə bilər. Bu proses həm siyasi, həm iqtisadi, həm də hərbi inteqrasiyanı əhatə etməlidir. Mənəvi inteqrasiya üçün ortaq dil və ortaq əlifba məsələləri gündəmə gəlir və bu istiqamətdə artıq müəyyən addımlar atılır. Eyni zamanda ideoloji baza formalaşmalıdır. Bununla yanaşı, iqtisadi inteqrasiya mühüm əhəmiyyət daşıyır. İki və çoxtərəfli əməkdaşlıqlar, qarşılıqlı investisiyalar bu istiqamətdə artıq inkişaf edir. Gələcəkdə ortaq pul vahidi və ortaq ödəniş sisteminin yaradılması ideyası da irəli sürülür. Bu, qlobal maliyyə sistemində asılılığın azaldılması məqsədi daşıyır. Hərbi inteqrasiya da vacib elementlərdən biridir. Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq artıq müxtəlif səviyyələrdə davam edir. Müntəzəm görüşlər keçirilir, ortaq hərbi təlimlər və müdafiə konsepsiyasının hazırlanması məsələsi aktuallaşır. 

Ekspert əlavə edib ki, bu proseslərin nəticəsində formalaşacaq güc mərkəzinin məqsədi üçüncü tərəflərə qarşı yönəlmək deyil, əsasən özünümüdafiə və regional sabitliyin təmin olunmasıdır. Dünyada baş verən hadisələr göstərir ki, güc faktoru hələ də siyasi proseslərdə həlledici rol oynayır. Eyni zamanda, beynəlxalq təşkilatların effektivliyi də sual altına düşür. Xüsusilə BMT və onun Təhlükəsizlik Şurasının fəaliyyətinə dair tənqidlər artır. Bu kontekstdə yeni güc mərkəzlərinin beynəlxalq idarəetmədə daha çox söz sahibi olması zərurəti irəli sürülür. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı əsasında formalaşacaq mümkün ittifaqın gələcəkdə beynəlxalq qərarvermə mexanizmlərində, o cümlədən qlobal təhlükəsizlik sistemində təmsil olunması ideyası da müzakirə olunur. Türk dövlətləri arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın dərinləşdirilməsi həm bu ölkələrin inkişafı, həm də regional və qlobal sabitliyin təmin olunması baxımından vacib hesab olunur. Bu proses mərhələli şəkildə inkişaf edir və qarşıdakı dövrdə daha konkret nəticələr verə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31