İran iki ölkəni də vurdu, Şuşa Bəyannaməsi işə düşür? – Gözlənilən ssenari

İranın Naxçıvana dron zərbələri və Türkiyəyə yönəlmiş raket hücumları iki ölkəyə qarşı artan hərbi təzyiq fonunda 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsini gündəmə gətirib.

Sənəddə əsas məqamlardan biri Azərbaycan və Türkiyənin təhlükəsizliyi ilə bağlı razılaşdırılmış qarşılıqlı öhdəliklərdir.

Hər iki ölkənin hədəf alınması əsas göstərilərək Şuşa Bəyannaməsi işə salına bilərmi?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, İranın son hərbi əməliyyatları və regiondakı bəzi addımları təbii olaraq ciddi narahatlıqlara yol açıb.

"Türkiyəyə raket atılması, Naxçıvana dron zərbələri və ümumilikdə Azərbaycanın sərhəd bölgələrinə qarşı hərbi təzyiqlər vəziyyətin nə qədər gərgin olduğunu göstərir. Belə vəziyyət haqlı olaraq 2021-ci ildə Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin işə düşə biləcəyini gündəmə gətirir.

Məlumdur ki, Şuşa Bəyannaməsində diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə hər iki dövlətin Silahlı Qüvvələrinin, güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili, başqa sözlə, bir-birini qoruma öhdəliyi yer alıb. Odur ki, İranın etdiyi hücumlar Şuşa Bəyannaməsinin tətbiq olunmasına zəmin yaradır. Əgər Tehran Azərbaycanı və Türkiyəni eyni vaxtda hədəf alarsa, bu anlaşma çərçivəsində hər iki ölkə bir-birinə dəstək verə bilər.

Azərbaycan Naxçıvanda dron hücumlarına təkrar məruz qalarsa, Türkiyə buna cavab verə bilər. Eyni şəkildə əgər Türkiyə yenidən hədəf alınarsa, Azərbaycanın da vəziyyətə müdaxilə etməsi mümkündür. Bu cür qarşılıqlı müdafiə zəmanəti sadəcə simvolik deyil, praktiki olaraq iki ölkənin hərbi əməkdaşlığını möhkəmləndirən mühüm bir addımdır".

Politoloqun sözlərinə görə, Türkiyə və Azərbaycanın belə bir vəziyyətə hazırlığı artıq mövcud olan qarşılıqlı əlaqələrdən və müttəfiqlikdən irəli gəlir:

"2020-ci il Qarabağ müharibəsindəki dəstək və keçirilən əməliyyatlar hər iki ölkənin bu tip situasiyalarda bir-birinə güvənməsini təmin edib. Türkiyə müasir hərbi texnologiyaları və təcrübəsi ilə, Azərbaycan isə döyüş təcrübəsi və regional bilikləri ilə belə bir müdaxiləyə hazır olduqlarını göstəriblər. Lakin bu cür bir müharibə yalnız hərbi deyil, diplomatik səviyyədə də mühüm bir məsələyə çevriləcək. Həmçinin İranın bu kimi hərbi fəaliyyətlərinə qarşı beynəlxalq səviyyədə dəstək almaq önəmlidir. Azərbaycan və Türkiyənin beynəlxalq münasibətlərdəki mövqelərini nəzərə alaraq deyə bilərik ki, hər iki ölkə bu müdaxiləyə həm hərbi, həm də diplomatik cəhətdən kifayət qədər hazırlıqlıdır.

Şuşa Bəyannaməsi ilə yanaşı, 27 iyul 2021-ci ildə Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri tərəfindən imzalanan Bakı Bəyannaməsini də qeyd etmək yerinə düşərdi. Həmin Bəyannamədə də hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusi olaraq yer alıb və üç ölkənin xaricdən dəstəklənən terror hücumlarına qarşı birgə mübarizəsi qeyd olunub. Odur ki, İrandan gələn terror hücumu bu Bəyannamənin də işə düşməsinə yol aça bilər.

Ümumi olaraq qeyd edim ki, İranın hərbi fəaliyyətləri və Şuşa Bəyannaməsinin tətbiqi məsələsi yalnız Azərbaycan və Türkiyənin deyil, bütövlükdə Qafqaz və Orta Şərq regionunun gələcəkdəki siyasi və hərbi dinamikası üçün önəmli ola bilər. Bəyannamənin tətbiqi İranın təcavüzünə qarşı güclü bir cavab olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31