İran və Rusiya neftinə ABŞ zərbəsi: Çin bazarı uğrunda mübarizə – ÖZƏL

"İstər Rusiyanın, istərsə də İranın əsas neft alıcılarından biri Çin olub. ABŞ-nin əsas hədəflərindən biri isə bu bazarı Rusiya və İranın əlindən almaqdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. Ekspert bildirib ki, Amerikanın Yaxın Şərq regionunda atdığı addımlar, həyata keçirdiyi diplomatik təzyiqlər və ticarət tərəfdaşlarına qarşı tətbiq etdiyi idxal gömrük rüsumlarının artırılması da məhz bu bazar uğrunda gedən mübarizənin tərkib hissəsi kimi qiymətləndirilir. Çin uzun müddət İran və Rusiyadan yüngül xammal hesab olunan neft alıb. Yüngül neft sənayedə, xüsusilə metallurgiya, avtomobil nəqliyyatı və digər yüngül sənaye sahələrində daha geniş istifadə olunur. ABŞ-nin əsas məqsədlərindən biri Çinə daha keyfiyyətli neft təklif etməkdir. Burada söhbət Venesuelanın yüngül nefti ilə ABŞ-nin ağır şist neftinin qarışdırılması nəticəsində daha keyfiyyətli brend markalı neft istehsal etmək və onu dünya bazarlarına çıxarmaq planından gedir. Hazırda Venesuela nefti üzərində ABŞ-ın müəyyən təsir imkanları mövcuddur. Bu xammaldan əldə edilən neft və neft məhsullarının satışını genişləndirmək üçün isə yeni bazarlara ehtiyac yaranır. Belə bazarlardan ən böyüyü isə şübhəsiz ki, Çindir. Çin bazarı uğrunda aparılan mübarizədə ilkin hədəflərdən biri İranın neytrallaşdırılması, ölkə üzərində nəzarəti ələ almaq və bununla da neft sənayesində təsir imkanlarını genişləndirmək. Bu istiqamətdə regionda hərbi və siyasi gərginliklər müşahidə olunur. Lakin proseslərin hansı nəticə ilə yekunlaşacağını indidən demək çətindir. ABŞ-nin həqiqətən də Çin bazarında Rusiya və İranı əvəz edib-edə bilməyəcəyi və ya Çinin ABŞ-nin təkliflərinə necə reaksiya verəcəyi əsasən İranda baş verən proseslərin nəticəsindən asılı olacaq.

"Asiya bazarlarının xüsusiyyətlərinə diqqət yetirdikdə isə əsas amillərin rahat logistika və daha ucuz neft əldə etmək olduğu görünür. Rusiyaya tətbiq edilən sanksiyalar Çin üçün müəyyən mənada əlverişli şərait yaratdı, çünki Pekin Rusiyadan nefti daha aşağı qiymətlərlə əldə edə bildi. ABŞ isə bu qədər ucuz nefti Çin bazarına təklif etmək imkanına malik deyil. Buna görə də Vaşinqton gələcəkdə siyasi, iqtisadi və diplomatik təzyiq mexanizmlərindən istifadə etməyə çalışa bilər. Çinin bu təzyiqlərə nə dərəcədə tab gətirə biləcəyi və ABŞ-nin növbəti mərhələdə hansı addımları atacağı isə hələlik açıq qalır. Çünki bütün bu məsələlər böyük ölçüdə İranda və Körfəz regionunda baş verən proseslərin nəticəsindən asılıdır", - deyə iqtisadçı əlavə edib.

Ekspertin sözlərinə görə, əgər İrandakı proseslər ABŞ və İsrailin maraqları istiqamətində yekunlaşarsa, Çin alternativ enerji mənbələri axtarmağa məcbur qala bilər və ya ABŞ-nin nəzarət etdiyi İran neftini almağa başlaya bilər. Əks halda, yəni İran mövcud siyasi kursunu qoruyub saxlayarsa və ABŞ-nin maraqlarına uyğun hakimiyyət formalaşmazsa, Çin əvvəlki kimi İranla enerji əməkdaşlığını davam etdirəcək. Beləliklə, bu məsələlərin gələcək inkişafı əsasən İranda və regionda baş verən siyasi və hərbi proseslərin yekun nəticəsindən asılı olacaq və indiki mərhələdə qəti proqnoz vermək çətindir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31