Zəngəzur dəhlizi və Şimal-Cənub layihəsi: Bakı ABŞ-la əməkdaşlığı genişləndirir, Moskva narazıdır -ÖZƏL
15:16 SiyasətAzərbaycan və Ermənistan liderlərinin ABŞ rəhbərliyi ilə təmasları xeyli intensivləşib- İlham Əliyev və Nikol Paşinyan Davosda Donald Tramp ilə görüşüb, daha sonra ABŞ vitse-prezidenti Vens regiona səfər edib və tərəflər Sülh Şurasının ilk iclası üçün Amerikaya yollanıblar. Bu proses fonunda Rusiya narahatlıq nümayiş etdirir. Xarici işlər nazirinin müavini Mixail Qaluzin Qərblə yaxınlaşmanın Moskvanın maraqlarına təhlükə yaratdığını bildirib.
Bakı və İrəvanın Vaşinqtonla yaxınlaşmasını Moskva nə dərəcədə əngəlləyə bilər və bu istiqamətdə hansı pozucu addımlar atmaq imkanına malikdir?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Rusiya rəsmilərinin Ermənistan və ABŞ arasında münasibətlərin hazırkı durumu ilə bağlı açıqlamaları göstərir ki, Cənubi Qafqazda geosiyasi nüfuz dairəsi uğrunda mübarizə kifayət qədər kəskin bir mərhələyə daxil olur. Ukrayna -Rusiya müharibəsinin doğurduğu problemləri 24 saata qədər həll edə biləcəyi ilə öyünən prezident Tramp Rusiya tərəfinə olan bütün təzyiq və təhdidlərə baxmayaraq hələ də tərəflər arasında sülh müqaviləsinin və ya atəşkəsin imzalanmasına nail ola bilməyib. Ukraynaya belə təzyiqlər göstərilmir, zira buna ehtiyac da yoxdur, Ukraynada Meydan hadisələrinin ABŞ-ın müəyyənləşdirdiyi istiqamətdə inkişafı üçün rəsmi Vaşinqtonun 5 milyard vəsait xərclədiyini konqres və senatorlar bir neçə dəfə təsdiq ediblər. Digər tərəfdən xarici dövlət borcu ölkənin ÜDM-nu üstləyən bir dövlətin suveren siyasət yeritdiyini söyləmək sağlam məntiqə ziddir. Rusiya isə danışıqlar masası arxasında münaqişənin yalnız onun dövlət maraqlarının gözlənildiyi şəkildə bitəcəyini bəyan edir, bu isə Trampı qıcıqlandırmaya bilmir. Dünyanın müxtəlif bölgələrində ayrı-ayrı dövlətlər arasında hərbi münaqişələrin dayandırılmasına nail olduğunu söyləyən və bununla öyünən Tramp Rusiya və İran kimi dövlətlərin siyasi elitalarına təsir üçün əlavə tədbirlərə əl atmaq məcburiyyətində qalır. Qafqazın Rusiya üçün nə qədər həssas region olduğunun mahiyyətinə isə varırlar. Odur ki, ABŞ Ermənistana Rusiya dəmir yollarının Qafqazdakı törəmə şirkəti ilə müqavilə şərtlərinə yenidən baxmağı tövsiyyə edir, həmin müqaviləyə görə isə Ermənistan dəmir yolları, onun istismarı üzərində nəzarət Rusiyaya məxsus şirkətə aiddir. Müqavilənin imzalandığı müddətdən Rusiya buraya 30 milyard rubl invenstisiya qoyub, 15 milyard məbləğində isə Ermənistanın büdcəsinə vergi ödənilib. Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu bu müqavilə şərtlərinə Ermənistandakı parlament seçkilərindən sonra baxmağı planlaşdıran baş nazir Paşinyana məlum məsələyə Rusiyanı regional layihələrdən kənarda saxlamaq istəyən dövlətin maraqları konteksindən deyil, Ermənistan vətəndaşlarının maraqlarından baxmağı tövsiyyə edib və hətta Ermənistandakı sistemin bir gecəyə çökə biləcəyi ilə bağlı xəbərdarlıq edərək, sonradan buna görə məsuliyyəti dost ölkənin üzərinə yıxmamağı məsləhət görub.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin də çıxışlarında Paşinyanın ABŞ-la təmaslarının Rusiyanın Ermənistandakı maraqlarının əleyhinə olan məqamları sezmək olar.
Bəllidir ki, ABŞ iqtidarı Tramp marşrutunu Avropadan Asiyaya və əksinə yükdaşınmaların Rusiya ərazisindən yan keçməklə daşınmasını təmin etmək və Rusiyanı tranzit gəlirlərindən məhrum etmək, onun Cənubi Qafqaz və Mərkəzi Asiyaya təsir imkanlarını məhdudlaşdırmaq məqsədi ilə dəstəkləmiş, bu layihəni Çinin "Bir kəmər və bir yol" layihəsinə alternativ olaraq irəli sürmüşdü. Burada ABŞ-ın öz məqsədi bəlli regionlarda özünün nüfuz dairəsini genişləndirmək, Moskva-Tehran-Pekin üçbucağı ətrafında formalaşmaqda olan və ABŞ üçün qlobal təhdidə çevrilməkdə olan koalisiyanın güclənməsinə yol verməmək və ya prosesləri ləngitmək istəyidir.
Azərbaycan məlum geosiyasi projelərin tərkibində yer alsa da, onun məqsədi sırf iqtisadi maraqlardan, bu layihədən mənfəət götürmək istəyindən irəli gəlir. Onun müxtəlif dəhlizlər vasitəsilə geosiyasi anlamda opponent olan dövlətlərlə əməkdaşlığı, loqistik məqsədlər üçün açıq qalması bunun əyani sübutudur. Rəsmi Bakı Zəngəzur dəhlizinə maraq göstərməklə yanaşı , Şimal-Cənub nəqliyyat dəhlizi ətrafında Rusiya və İranla əməkdaşlıq edir, 150 dövlətlə yanaşı Çinin "Bir kəmər, bir yol" layihəsinə dəstək verməklə rəsmi Pekin ilə də əlaqələri yüksək səviyyədə saxlayır. Zəngəzurla yanaşı İran ərazisi ilə də yükdaşımaları həyata keçirir. Nəhayət Ermənistandan fərqli olaraq Azərbaycan enerji resurslarına malik dövlət kimi özünün enerji təhlükəsizliyini tam mənada təmin edir, bununla yanaşı Ermənistanla sülh müqaviləsinin imzalanmasını tezləşdirmək məqsədi ilə rəsmi Bakı Ermənistanla illərdən bəri bağlı qalmış dəmir yollarını yenə bu ölkənin üzünə açıb, Ermənistanı yanacaqla təmin edir, Rusiya və Qazaxıstan taxılının Ermənistana daşınması üçün bəlli tərəflərə loqistik imkanlar qazandırır. Bütün bunların konteksində ABŞ-la münasibətlərin müasir durumunda Qafqazda Rusiyanın geosiyasi maraqları üçün təhlükəli addımları Paşinyan atır, o isə Ermənistan vətəndaşları qarşısında məsuliyyət hissini itirməməlidir, ABŞ uzaqda, Rusiya isə yaxındadır, yəqin Paşinyan da yaxın qonşunun uzaq qohumdan daha üstün olmasının fərqinə varır".