Azərbaycan öz sülh gündəliyini diktə edən müstəqil güc mərkəzi kimi qəbul edilir

Dünya sürətlə dəyişir, yeni dünya nizamı formalaşır. Müharibələr, enerji böhranları, yeni geosiyasi bloklaşmalar beynəlxalq münasibətləri yenidən nəzərdən keçirmək zərurəti yaradır. Belə bir mürəkkəb şəraitdə qlobal təhlükəsizlik arxitekturasının müzakirəsi labüd olur. Hazırda beynəlxalq təhlükəsizliyin müzakirə olunduğu əsas platformalardan biri Münhen Təhlükəsizlik Konfransıdır. Bu platforma sadəcə fikir mübadiləsi məkanı deyil - burada siyasi mövqelər müəyyənləşir, tərəfdaşlıqlar qurulur və gələcək strateji xətlər formalaşır.
Azərbaycanın bu konfransda yüksək səviyyədə təmsil olunması, xüsusilə Prezident İlham Əliyevin iştirakı ölkəmizin artıq regional deyil, qlobal təhlükəsizlik gündəmində söz sahibi aktor kimi qəbul edildiyini göstərir. 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar,  Qalib Azərbaycanın sülh təşəbbüsi ilə çıxış etməsi və regional əməkdaşlıq perspektivlərin birbaşa beynəlxalq auditoriyaya çatdırılması baxımından Münhen Təhlükəsizlik Konfransı əlverişli tribunadır.
Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında (MSC 2026) iştirakı Azərbaycanın xarici siyasət prioritetlərinin və regional liderlik iddialarının təsdiqi baxımından mühüm nəticələrlə yadda qaldı. Bu dəfə Münhen Konfransında vacib müzakirələrdən biri də "Rəqəmsal təhlükəsizlik" mövzusuna həsr olunmuşdu. Yeni texnoloji alətlər ənənəvi qarşılıqlı fəaliyyət üsullarının dağılması, yerli ideologiyaların sındırılması və ənənəvi qaydalara əsaslanan beynəlxalq nizamın pozulması ilə lokal, regional və qlobal təhdidləri artırır. Xalqlar və cəmiyyətlər bu cür risklərin qarşısında zəif həssaslıq nümayiş etdirirlər. Odur ki, əsas məramı sülh naminə dialoq olan Münxen Təhlükəsizlik Konfransında iştirakçılar arasında dialoqa heç vaxt bu qədər böyük ehtiyac olmayıb. Prezident İlham Əliyev 63-cü Münhen Təhlükəsizlik Konfransında təkcə aid olduğumuz regionda deyil, qlobal səviyyədə sülhün və sabitliyin təmin olunması üçün səylərin və imkanların səfərbər olunması yönündə ciddi addımlar atan və digərlərini də bu istiqamətdə səfərbər edən təşəbbüslərin müəllifi kimi çıxış edir. Bu strategiya Azərbaycanın xarici siyasət konsepsiyasının vacib istiqamətverici elementlərindən biridir.
Etiraf edilməlidir ki, Münhen   Konfransı Azərbaycan üçün bir sıra mühüm əlamətlərlə yadda qaldı. İlk növbədə Ermənistan-Azərbaycan Sülh prosesinin gedişi barədə reallıqların dünya ictimaiyyətinə çatdırılması məsələsi idi ki, Prezidentin Münhendəki çıxışları və "France 24" telekanalına müsahibəsi sülh müqaviləsi ilə bağlı son vəziyyəti dünyaya bəyan etdi. Prezident İlham Əliyev bir daha vurğuladı ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları (Müstəqillik Bəyannaməsinə istinad) qaldığı müddətcə sülh müqaviləsinin imzalanması hüquqi cəhətdən qeyri-mümkündür. Dövlət başçısı bildirdi ki, faktiki olaraq iki ölkə arasında sülh artıq bərqərar olunub, sərhədlərdə sakitlikdir və rəsmi sənəd üçün yalnız Ermənistanın hüquqi bazasını təmizləməsi gözlənilir.
Digər vacib məsələ Strateji Enerji və nəqliyyat dəhlizləri ilə bağlı idi ki, konfrans çərçivəsində keçirilən "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə Azərbaycanın rolu ön plana çıxdı. Xəzər dənizindən Avropaya elektrik enerjisinin və fiber-optik xətlərin çəkilməsi layihələri konfransın iqtisadi gündəliyinin əsasını təşkil etdi. Aparılan müzakirələrdən bəlli oldu ki, ABŞ-ın yeni administrasiyasının dəstəklədiyi Tramp Marşrutu (TRIPP) layihəsi Azərbaycanı Şərq-Qərb nəqliyyat qovşağının mərkəzi aktoru kimi möhkəmləndirir.
Birmənalı şəkildə qeyd edilməlidir ki, Münhendə keçirilən 20-yə yaxın yüksək səviyyəli görüş Azərbaycanın diplomatik coğrafiyasını genişləndirdi. Bu isə, yeni müttəfiqlər, yeni münasibətlər kontestində anlaşılmalıdır. Məsələn, səfər çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüş və ardınca Belqradda keçirilən Strateji Tərəfdaşlıq Şurasının iclası Bakı-Belqrad oxunun hərbi-texniki və enerji sahəsində gücləndiyini göstərdi. Həmçinin,  Avropa İttifaqının yeni Ali nümayəndəsi Kaya Kallas və digər Qərb rəsmiləri ilə görüşlərdə Azərbaycanın enerji təhlükəsizliyindəki rolu təqdir edildi. Maraqlı məqam ondan ibarətdir ki, əksər ikitərəfli görüşlərdə liderlər Azərbaycanın Yaxın Şərq və Mərkəzi Asiya arasındakı körpü rolunu vurğuladılar. Prezident İlham Əliyev isə beynəlxalq sistemin "iflic" vəziyyətində olduğunu və beynəlxalq hüquq mexanizmlərinin artıq əvvəlki kimi işləmədiyini qeyd edərək, daha ədalətli və effektiv qlobal nizamın qurulması çağırışını etdi. Ümumilikdə İlham Əliyevin Münhen səfəri Azərbaycanın artıq "münaqişə tərəfi" kimi deyil, qlobal enerji təhlükəsizliyini təmin edən, nəqliyyat dəhlizlərini idarə edən və öz sülh gündəliyini diktə edən müstəqil güc mərkəzi kimi qəbul edildiyini nümayiş etdirdi.
Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31