Rostovda miqrantlara "stop" deyildi: Azərbaycanlıları nə gözləyir? – ÖZƏL

Rusiya Federasiyasının Rostov vilayətində 2026-cı ilin aprelindən etibarən miqrantların kuryer, pərakəndə satış, nəqliyyat və poçt xidmətlərində çalışması qadağan olunur. Qubernatorun fərmanına əsasən, məhdudiyyətlər əsasən patent sistemi ilə işləyən (Azərbaycan, Tacikistan, Özbəkistan və s.) vətəndaşlara şamil ediləcək. Avrasiya İqtisadi Birliyi ölkələrinin (Ermənistan, Qazaxıstan və s.) vətəndaşları isə bu qadağadan azad tutulub. Ekspertlər bu addımın regionun işçi qüvvəsi bazarında ciddi dəyişikliklərə səbəb olacağını proqnozlaşdırır.

"Rusiyanın Ukraynaya qarşı "xüsusi hərbi əməliyyatlar" adı altında başlatdığı işğalçılıq siyasətindən sonra ölkənin miqrasiya siyasətində də ciddi nöqsanlar üzə çıxmağa başladı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, ilk mərhələdə miqrantları məcburi şəkildə müharibəyə cəlb etmək məqsədilə onlara qarşı müxtəlif qanunvericilik məhdudiyyətləri tətbiq edildi. Daha sonra isə Rusiya çalışdı ki, öz nüfuz dairəsini müəyyənləşdirən təşkilatlar - xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı çərçivəsində üzv ölkələrin vətəndaşlarına müəyyən üstünlüklər verməklə digər MDB ölkələrini də bu birliklərə qoşulmağa təşviq etsin. Lakin praktikada fərqli mənzərə ilə qarşılaşırıq. Əslində bu ayrı-seçkilik siyasətinin tətbiqi Rusiyanın özünə daha baha başa gəlir. Ölkədə yaranan işçi qüvvəsi çatışmazlığı səbəbindən iri şəhərlərdə, xüsusilə xidmət sektorunda ciddi problemlər meydana çıxıb. Rusiya bu boşluğu doldurmaq üçün yeni əməkdaşlıq etdiyi hindistanlı miqrantlar hesabına əmək bazarını təmin etməyə çalışır. Ancaq burada da çətinliklər yaranır. Rus dili və mədəniyyəti ilə kifayət qədər tanış olmayan miqrantlarla yerli əhali arasında anlaşılmazlıqlar müşahidə olunur. Bu isə sosial gərginliyi artırır və nəticə etibarilə ən çox zərbə alan tərəflərdən biri yenə də Rusiya olur.

"Digər tərəfdən, əməkçi miqrantlar Rusiyada özləri üçün normal şərait tapmadıqda ya Azərbaycana, ya Özbəkistana qayıdır, ya da başqa ölkələrə üz tuturlar. Bu proses isə ölkədəki işçi qıtlığını daha da dərinləşdirir.
Bu baxımdan hesab edirəm ki, Rusiyanın həyata keçirdiyi bu təzyiq və selektiv üstünlük siyasəti Rusiyanın təsir dairəsindən uzaqlaşan ölkələrin yenidən onun çətiri altına qayıtmasına real zəmin yaratmır. Əksinə, mövcud siyasət daha çox daxili problemlərin dərinləşməsinə səbəb olur", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31